Xəbərlər
Foto
Professor: Filizçay filizinin mürəkkəb tərkibi onun ənənəvi üsullarla zənginləşdirilməsini çətinləşdirir
Sen 23, 2026 | 17:09 / Konfranslar, iclaslar
Oxunub 20 dəfə

Filizçay filiz yatağı Böyük Qafqazın cənub yamacında yeni kəşf edilmiş yataqlar arasında ən böyüyüdür. Yatağın tərkibində əsas metallar olan mis, qurğuşun və sinkin miqdarı 6-10 faiz, nadir metalların miqdarı isə 210 qram-tona qədər çatır.

Bunu AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Arif Heydərov söyləyib. O bildirib ki, filiz kalsedon polimetal filizlər ailəsinə daxildir. Filizdə pirit mineralının miqdarı 80-85 faizə çatır.

A.Heydərovun sözlərinə görə, filizlərin mürəkkəb kimyəvi və mineraloji tərkibi, habelə texnoloji xüsusiyyətləri onların zənginləşdirilməsini və emalını çətinləşdirir.

“Filizçay filizinin özünəməxsus təbiəti onu ənənəvi üsullarla zənginləşdirilməsi cəhətdən müsbət nəticə verməyib. 1970-ci illərdə Rusiyada Mərkəzi Elmi-Tədqiqat Geoloji Kəşfiyyat Əlvan və Nəcib Metallar İnstitutu (Tsniqri) və Birlik Elmi-Tədqiqat Əlvan Metallurgiya İnstitutunun (VİNİİtsvetmet) apardığı sənaye miqyaslı zənginləşmə sxemində əlvan metallar 15-30 faiz pirit konsentratında itirilib. Tsniqri tərəfindən 1979-cu ildə ikinci zənginləşmə cəhdi də uğursuz nəticələnib. Aparılan tədqiqat işləri bu üsulun da effektiv olmadığını göstərib”, - deyə müsahibimiz qeyd edib. O deyib ki, zənginləşmə zamanı 100 kiloqram filizdən 2,3 kiloqram mis konsentratı, 4,2 kiloqram qurğuşun konsentratı, 7,5 kiloqram sink konsentratı və 85,9 kiloqram pirit konsentratı alınır.

“Pirit konsentratında 27,3 faiz mis, 27,67 faiz qurğuşun və 23,09 faiz sink keçdiyindən metalların bu konsentratlardan çıxarılması əlçatmaz olur. Pirit konsentratına tullantı kimi də baxırlar. Ümumiyyətlə, pirit tərkibli xammalın, filizlərin birbaşa kompleks emalı 2000-ci ildən bəri öz həllini tapmayıb. Bununla əlaqədar olaraq ayrı-ayrı selektiv konsentratların alınması deyil, Filizçay filizinin tərkibindəki qiymətli komponentlərin maksimum çıxımını təmin edən filizin birbaşa emalının səmərəli texnologiyasının yaradılması zərurəti meydana çıxıb”, - deyə professor bildirib.

JURNALLAR
Faydalı linklər