Sen 23, 2026 | 18:19 / Konfranslar, iclaslar
Kimya İnstitutunun müvafiq laboratoriyasında 1970-ci illərdən etibarən Filizçay polimetal sulfit filizinin emalı sahəsində tədqiqat işləri aparılır. Tədqiqatlar nəticəsində Filizçay polimetal sulfit filizlərindən hazır məhsul kimi təmiz dəmir birləşmələri, sərbəst kükürd, mis, sink, qurğuşun selektiv konsentratları və sərbəst kükürd almağa imkan verən prinsipial texnoloji sxem yaradılıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri kimya elmləri doktoru, professor Arif Heydərov söyləyib.
Professor bildirib ki, “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı”na həsr olunmuş müşavirədə dövlətimizin başçısı Balakəndəki Filizçay yatağının perspektivliyi və “AzerGold” QSC-nin rolu ilə bağlı məsələləri də diqqətə çatdırıb.
“Məlum oldu ki, polimetal yatağının istismarı 34 il ərzində baş verəcək və 2032-ci ildə başa çatacaq. Bu müddətdə 29,7 milyard manat olmaqla 363 min ton mis, 2,7 milyon ton sink və 1 milyon ton qurğuşun çıxarılması planlaşdırılır”, - deyə professor qeyd edib.
“Aparılan tədqiqatlara və alınan nəticələrə görə hesab edirəm ki, Filizçay filizinin emalı üzrə apardığımız tədqiqatlar “AzerGold” QSC-də bu istiqamətdə aparılan işlərə fayda verə bilər”, - deyə müsahibimiz bildirib.









