Sen 25, 2026 | 15:58 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Elmi Şuranın iclası keçirilib.
İclasda Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova Kimya İnstitutunun 2026–2030-cu illəri əhatə edən Strateji İnkişaf Planını təqdim edib.
Bildirilib ki, yeni strateji plan fundamental və tətbiqyönlü tədqiqatların inkişafı, elmi nəticələrin kommersiyalaşdırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, elmi infrastrukturun modernləşdirilməsi və yüksək ixtisaslı kadr potensialının gücləndirilməsini əsas prioritetlər kimi müəyyən edir.
Qeyd olunub ki, 2026-cı ilin ilk altı ayında institut əməkdaşlarının müxtəlif elmi jurnallarda 160 məqaləsi dərc olunub. Onlardan 117-si Scopus, 69-u isə Web of Science bazalarında indekslənib. Hesabat dövründə, həmçinin 159 konfrans materialı, bir monoqrafiya, dörd dərslik və 22 patent müəllifliyi əldə olunub.
Strateji plan çərçivəsində elmi nəticələrin sənayedə tətbiqinin genişləndirilməsi məqsədilə İnnovasiya və Texnologiyaların Transferi Ofisinin fəaliyyətinin inkişaf etdirilməsi, tətbiq potensialı olan patentlərin və startap layihələrinin sayının artırılması, sənaye müəssisələri ilə müqaviləli tədqiqatların genişləndirilməsi nəzərdə tutulur.
Planın prioritet tədqiqat istiqamətlərinə yaşıl kimya və dayanıqlı texnologiyalar, hidrogen energetikası, nanomateriallar və funksional materiallar, kataliz və elektrokimya, ətraf mühit kimyası və tullantıların emalı, neft-kimya və qaz-kimya prosesləri, biokimya və bioaktiv birləşmələr, ağıllı polimerlər və kompozit materiallar, həmçinin süni intellektin kimyəvi tədqiqatlarda tətbiqi daxildir.
Sənədə əsasən, 2030-cu ilədək Scopus və Web of Science bazalarında indekslənən məqalələrin sayının minimum iki dəfə, patent müraciətlərinin sayının isə minimum üç dəfə artırılması hədəflənir. Beynəlxalq qrant layihələrinin sayının 50 faizdən çox artırılması, xarici tərəfdaşlarla birgə nəşrlərin payının 40 faizə, gənc tədqiqatçıların ümumi əməkdaşlar arasında payının isə 35 faizə çatdırılması planlaşdırılır.
Bununla yanaşı, elmi infrastrukturun və laboratoriya avadanlıqlarının yenilənməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi, gənc alimlərin elmi fəaliyyətə daha geniş cəlb olunması, doktorantura hazırlığının və əməkdaşların peşəkar inkişaf imkanlarının gücləndirilməsi nəzərdə tutulur.
Strateji İnkişaf Planının əsas məqsədi Kimya İnstitutunun elmi potensialının və beynəlxalq rəqabət qabiliyyətinin artırılması, elmi nəticələrin real iqtisadiyyata transferinin sürətləndirilməsi və institut-sənaye əməkdaşlığının yeni mərhələyə keçirilməsidir.









