Xəbərlər
Foto
Faiq Məmmədov: Yeni Dövlət Proqramı təbii resurslarımızı sənaye kapitalına çevirməyə imkan verəcək
Sen 25, 2026 | 17:54 / Konfranslar, iclaslar
Oxunub 24 dəfə

“Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” elm-təhsil-istehsal əməkdaşlığının gücləndirilməsinə təkan verəcək. Qəbul edilən Dövlət Proqramı son illərdə həyata keçirilən iqtisadi siyasətin məntiqi davamıdır. Prezident İlham Əliyevin də vurğuladığı kimi, dağ-mədən sənayesi ölkəmizin qeyri-neft sektorunun inkişafı baxımından böyük əhəmiyyət daşıyan və ciddi perspektivlər vəd edən sahələrdəndir. Müasir qlobal iqtisadiyyat “yaşıl enerji”yə keçid, rəqəmsallaşma, yüksək texnologiyalı sənayenin sürətli inkişafı, təchizat zəncirlərinin yenidən formalaşması və iqtisadi təhlükəsizlik amillərinin güclənməsi ilə xarakterizə olunur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Keçid metal birləşmələri əsasında funksional materiallar laboratoriyasının müdiri dosent Faiq Məmmədov deyib.

O bildirib ki, Dövlət Proqramının həyata keçirilməsi nəticəsində dağ-mədən və metallurgiya sektoru Azərbaycanın qeyri-neft iqtisadiyyatının əsas dayaqlarından birinə çevriləcək: “Çünki bu sahənin inkişafı bir neçə istiqaməti eyni vaxtda hərəkətə gətirmək imkanına malikdir. Belə ki, mədən hasilatı yeni istehsal sahələrinin yaranmasına, bununla da sənaye zəncirinin genişlənməsinə, yeni yaradılacaq zavodların fəaliyyəti isə əlavə məşğulluq və gəlirlərin artmasına səbəb olacaq. Nəticə olaraq, təkcə mədən sənayesi deyil, onun ətrafında geniş iqtisadi ekosistem formalaşacaq. Digər tərəfdən, proqramda nəzərdə tutulan əsas məqamlardan biri də filizin xammal şəklində dünya bazarına çıxarılması yox, yerli istehsalın təşkilidir. Ölkə başçısının vurğuladığı kimi, xüsusilə böyük qızıl, mis və molibden ehtiyatları aşkar edilərsə, zənginləşdirmə-emal-istehsal zəncirinin yaradılması respublika iqtisadiyyatına böyük səmərə verəcək ki, bu da təbii resurslarını sənaye kapitalına çevirməsi deməkdir. İşğaldan azad edilmiş ərazilərin, xüsusilə də Kəlbəcər, Ağdərə və Zəngilanda qızıl, mis və molibden yataqlarının iqtisadi dövriyyəyə cəlb edilməsi Qarabağ və Şərqi Zəngəzurun yeni iqtisadi modelinin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Turizmlə yanaşı, mədənçilik bu regionların gələcək iqtisadi strukturunda mühüm yer tutacaq, yeni iş yerlərinin yaradılması, yerli əhalinin məşğulluğunun artırılması mümkün olacaq”.

Faiq Məmmədov qeyd edib ki, proqramda nəzərdə tutulan digər vacib məqamlardan biri də müvafiq sahələrin dayanıqlı inkişafını təmin edəcək uyğun ixtisaslı kadrların hazırlanması, peşə bacarıqlarının və elmi potensialın inkişaf etdirilməsi, habelə elm–sənaye əməkdaşlığının gücləndirilməsidir: “Bu baxımdan kadr hazırlığının sənayenin tələblərinə uyğunlaşdırılması, elmi-tədqiqat fəaliyyətlərinin dəstəklənməsi nəzərdə tutulur ki, bu da elm-təhsil-istehsal əməkdaşlığının gücləndirilməsinə təkan verəcək. Proqram çərçivəsində “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, müxtəlif emal güclərinin yaradılması nəzərdə tutulur. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Kimya İnstitutu “Filizçay” yatağının işlənilməsi zamanı zənginləşdirmə və emal mərhələlərinə öz töhfəsini verə bilər. İnstitutda fəaliyyət göstərən Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasında Filizçay polimetal sulfid filizinin emalı sahəsində uzun müddətdir ki, elmi-tədqiqat işləri aparılır və bu tədqiqatlar bu gün də davam etdirilir. Tədqiqatların nəticəsi olaraq Filizçay polimetal sulfid filizlərindən hazır məhsul kimi birbaşa istehsala gedən təmiz dəmir birləşmələri, mis, sink, qurğuşun selektiv konsentratları və sərbəst kükürd almağa imkan verən prinsipial texnoloji sxem hazırlanıb. Hesab edirik ki, aparılan tədqiqatlar “Filizçay”la bağlı nəzərdə tutulan işlərin həyata keçirilməsində faydalı ola bilər və yaxın zamanlarda Kimya İnstitutu tərəfindən təkliflər “AzerGold” QSC-yə təqdim ediləcək”.

JURNALLAR
Faydalı linklər