Sen 28, 2026 | 17:47 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının iclası keçirilib.
İclasda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı Arzu Osmanovanın “Alunit filizindən vanadium 5-oksidin çıxarılması prosesinin kimyəvi aspektləri” mövzusunda dissertasiya işinin müdafiəsi keçirilib.
Müdafiə 2303.01 – “Qeyri-üzvi kimya” ixtisası üzrə təşkil olunub. Dissertasiya işinin elmi rəhbəri kimya elmləri doktoru, professor Arif Heydərovdur.
Dissertasiya işinin rəsmi opponentləri Kimya İnstitutunun laboratoriya müdiri, kimya elmləri doktoru, professor İxtiyar Bəxtiyarlı, Azərbaycan Texniki Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Əli İbrahimov və Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, kimya üzrə fəlsəfə doktoru Səidə Abbasovadır.
Dissertasiya işi alunit filizinin kompleks emalı məhsullarından vanadium birləşmələrinin selektiv ayrılması və təmiz vanadium(V) oksidin (V₂O₅) alınmasının kimyəvi qanunauyğunluqlarının tədqiqinə həsr olunub.
Tədqiqat zamanı Azərbaycanın Daşkəsən rayonunda yerləşən Zəylik alunit yatağından götürülmüş filizdən istifadə edilərək vanadiumun qələvi məhlullara keçirilməsi, konsentrasiyası və müxtəlif birləşmələr şəklində çökdürülməsi prosesləri araşdırılıb. Vanadiumun ayrılması və alınma şəraitinin optimallaşdırılması məqsədilə müasir fiziki-kimyəvi analiz üsullarından istifadə olunub, həmçinin vanadiumun adsorbsiya yolu ilə çıxarılması imkanları öyrənilib.
Tədqiqat nəticəsində ekoloji təhlükəsiz və effektiv texnologiyanın işlənib hazırlanmasına dair elmi-praktiki nəticələr əldə olunub. Dissertasiya işi üzrə aparılan tədqiqatların nəticələri əsasında “Alüminat məhlullarından qallium və vanadium çıxarılması üsulu” adlı patent də alınıb.









