Xəbərlər
Foto
Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır
Sen 28, 2026 | 17:55 / Konfranslar, iclaslar
Oxunub 27 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun "Əlvan və qara metal tərkibli mineral xammalın emalı" laboratoriyasında alunit filizinin kompleks emalı və ondan alüminium oksidinin alınması istiqamətində tədqiqat aparılır.

İnstitutun Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri kimya elmləri doktoru professor Arif Heydərov AZƏRTAC-a müsahibəsində bildirib ki, tədqiqatın əsas xüsusiyyəti alunit filizinin ənənəvi üsuldan fərqli olaraq ilkin mərhələdə yandırılmadan emal edilməsidir.

“Alunit filizi əvvəlcə xırdalanaraq un halına salınır. Daha sonra alınmış alunit tozu 5-10 faizlik qələvi məhlulunda həll edilir. Bu zaman filizin tərkibindəki alunit mineralı həll olunub məhlula keçir. Əmələ gələn məhlulun pH göstəricisi təxminən 11-12 olur. Növbəti mərhələdə məhlul süzülür və həll olmayan alunit şlamı ayrılır. Yerdə qalan məhlul isə sonrakı emal mərhələsinə göndərilir. Məhlulun qələviliyini azaltmaq və onu neytrallaşdırmaq üçün sulfat turşusundan istifadə olunur. Bunun nəticəsində məhlulda alüminium hidroksid çökdürülür. Alınmış alüminium hidroksid əvvəlcə mufel sobasında təxminən 150 dərəcə temperaturda qurudulur. Daha sonra 700-800 dərəcə temperaturda qızdırılır. Bu zaman alüminium hidroksid parçalanaraq bemitə çevrilir və nəticədə ondan ağ rəngli alüminium oksid tozu alınır”, - deyə professor qeyd edib. Arif Heydərovun sözlərinə görə, tətbiq olunan yanaşmanın mühüm cəhətlərindən biri alunitin prosesin əvvəlində yüksək temperaturda yandırılmamasıdır. Xammalın əvvəlcə mexaniki və kimyəvi üsullarla emal edilməsi prosesin yaşıl kimya prinsipləri əsasında qurulmasına imkan verir.

Burada əsas məqsəd alunit filizindən yalnız bir məhsul əldə etmək deyil, xammalın tərkibindəki faydalı komponentlərdən kompleks şəkildə çıxarılması imkanlarını araşdırmaqdır. Bu istiqamətdə laboratoriyamızda tədqiqatlar davam etdirilir.

JURNALLAR
Faydalı linklər