Xəbərlər
Foto
Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var
Sen 29, 2026 | 13:50 / Konfranslar, iclaslar
Oxunub 50 dəfə

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı və Nazirlər Kabinetinin qərarları əsasında elmi-tədqiqat institutlarının fəaliyyətinin optimallaşdırılması, elmi fəaliyyətin kəmiyyət göstəricilərindən keyfiyyət göstəricilərinə keçirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir.

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun direktoru vəzifəsini icra edən, professor Əfsun Sucayev AZƏRTAC-a müsahibəsində bildirib ki, həyata keçirilən islahatlara uyğun olaraq institut öz fəaliyyətini yeni prinsiplər əsasında qurur. Struktur və institusional islahatların ilkin mərhələsi artıq başa çatıb, müasir elmi çağırışlara və Azərbaycanın yeni reallıqlarına cavab verən laboratoriyaların yaradılması istiqamətində işlər davam etdirilir.

Ə.Sucayev qeyd edib ki, əsas məqsədlərdən biri fundamental tədqiqatların səviyyəsinin dünya elmi ilə uyğunlaşdırılması, Azərbaycan elminin beynəlxalq elmi mühitə daha geniş inteqrasiyasının təmin olunmasıdır. Bununla yanaşı, innovativ tədqiqatların nəticələrinin ölkənin iqtisadi inkişafına və müdafiə qüdrətinin artırılmasına töhfə verməsi də prioritet istiqamətlərdəndir.

Müsahibimizin sözlərinə görə, innovativ tədqiqatların sənayeyə tətbiqi istiqamətində ciddi işlər aparılır. Kimya İnstitutunun hüquqi varisi olduğu Kataliz və Qeyri-üzvi Kimya İnstitutu, eləcə də Aşqarlar Kimyası İnstitutunun elmi ənənələrinə əsaslanan tədqiqatların nəticələrinin praktiki sahələrdə tətbiqinə xüsusi diqqət yetirilir. Elmi nəticələrin sənayeyə transferində əsas məsələlərdən biri elm və sənaye arasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasıdır. Bu baxımdan Yüksək Texnologiyalar Parkı ilə Kimya İnstitutu arasında əməkdaşlığın qurulması böyük əhəmiyyət daşıyır. Əməkdaşlıq çərçivəsində institutda aparılan innovativ tədqiqatların nəticələrinin sənayeyə çıxarılması və tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Professor qeyd edib ki, institutda katalizatorlar sahəsində də mühüm elmi nəticələr əldə olunub. Nanokatalizatorlar, nanoelektrokimyəvi və heterogen katalizatorlar üzrə həm fundamental, həm də tətbiqyönümlü tədqiqatlar aparılır.

“Alimin əsas fəaliyyəti laboratoriyada elmi tədqiqat aparmaqdır. Lakin həmin tədqiqatların real sektora tətbiqi üçün elm və sənaye arasında əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var”, -deyən professor əlavə edib ki, bundan sonra bioüzvi kimya, zərif üzvi sintez, strateji materialların alınması və digər istiqamətlər üzrə müəyyənləşdirilmiş prioritetlər əsasında tədqiqatların davam etdirilməsi nəzərdə tutulur.

JURNALLAR
Faydalı linklər