Okt 01, 2026 | 16:13 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda “Biz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin elmi-siyasi irsini öyrənirik” adlı məktəbin növbəti dərsi keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, xatirəsi ehtiramla yad edilib.
“Ulu Öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafında rolu” mövzusuna həsr olunan dərsdə Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması, ölkənin ictimai-siyasi və sosial-iqtisadi inkişafı, eləcə də elm və təhsilin tərəqqisi istiqamətində həyata keçirdiyi siyasətdən bəhs edib. O, bildirilib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə elmi müəssisələrin fəaliyyətinin genişləndirilməsi, elmi kadr potensialının gücləndirilməsi, alimlərin əməyinin qiymətləndirilməsi və gənclərin elmə cəlb olunması istiqamətində mühüm addımlar atılıb.
Muxtar Nağıyev çıxışında qeyd edib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi və strateji inkişaf kursu bu gün Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə elm və təhsilin inkişafına dövlət qayğısı artırılıb, elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir laboratoriyaların yaradılması, innovativ tədqiqatların dəstəklənməsi və gənc alimlərin elmi fəaliyyətə cəlb olunması istiqamətində layihələr həyata keçirilir.
Daha sonra Kimya İnstitutunun direktor səlahiyyətlərini icra edən professor Əfsun Sucayev mövzu ilə bağlı məruzə ilə çıxış edib. Əfsun Sucayev Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı xidmətlərindən, elmi potensialın formalaşdırılması və gücləndirilməsi istiqamətində həyata keçirilən siyasətdən ətraflı bəhs edib. O qeyd edib ki, Heydər Əliyev elmi Azərbaycanın tərəqqisinin mühüm dayaqlarından biri kimi qiymətləndirib. Onun rəhbərliyi dövründə fundamental və tətbiqi tədqiqatların inkişafına, elmi müəssisələrin fəaliyyətinin genişləndirilməsinə, yüksəkixtisaslı elmi kadrların hazırlanmasına və alimlərin fəaliyyətinin dəstəklənməsinə xüsusi diqqət yetirilib.
Əfsun Sucayev bildirib ki, Ulu Öndərin müəyyən etdiyi elm siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələdə davam etdirilir. Hazırda elmi-tədqiqat infrastrukturunun müasirləşdirilməsi, müasir laboratoriyaların yaradılması, innovasiya və yüksək texnologiyaların tətbiqi, elmi müəssisələrin beynəlxalq elmi məkana inteqrasiyası və gənc alimlərin dəstəklənməsi istiqamətində işlər görülür.
Professor, həmçinin kimya elminin Azərbaycan elminin inkişafında mühüm yer tutduğunu vurğulayıb. O bildirib ki, kimya sahəsində aparılan fundamental və tətbiqi tədqiqatlar sənaye, ekologiya, enerji, kənd təsərrüfatı və digər strateji sahələrin inkişafında mühüm əhəmiyyət daşıyır. Elmi nəticələrin istehsalata və müxtəlif tətbiqi sahələrə inteqrasiyası ölkənin elmi-texnoloji potensialının artırılmasına xidmət edir.
Əfsun Sucayev Heydər Əliyevin alimlərə və elmi ictimaiyyətə göstərdiyi diqqət və qayğıdan da bəhs edib. Bildirib ki, onun elmə verdiyi yüksək dəyər Azərbaycan elminin inkişafının uzunmüddətli strategiyasının formalaşmasına mühüm təsir göstərib. Bu irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılması elm sahəsində çalışan tədqiqatçılar üçün əhəmiyyətlidir.
Çıxışlardan sonra müdavimlərin sualları dinlənilib. Səttarov İsa, Aysun Əliyeva və Ağamalızadə Xanlar mövzu ilə bağlı suallar ünvanlayıblar. Suallar Heydər Əliyevin elm siyasəti, Azərbaycan elminin inkişaf mərhələləri, elmi müəssisələrin fəaliyyəti, alim və tədqiqatçılar üçün yaradılan imkanlar, gənclərin elmə cəlb olunması, eləcə də müasir dövrdə Azərbaycan elminin qarşısında duran vəzifələrlə bağlı olub. Suallar ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran məsələlərə cavablar verilib.
Dərsin sonunda müdavimlər Kimya İnstitutunun fəaliyyəti ilə tanış olublar. Onlara institutun elmi-tədqiqat istiqamətləri, laboratoriyaları, həyata keçirilən layihələr, elmi nailiyyətlər və əldə olunan nəticələr barədə məlumat verilib.









