Xəbərlər
Foto
Kimya İnstitutu və Gürcüstanın elmi müəssisələri arasında yeni əməkdaşlıq imkanları müzakirə olunub
Okt 02, 2026 | 17:52 / Konfranslar, iclaslar
Oxunub 39 dəfə

 

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun təşəbbüsü ilə Gürcüstanın İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin Rafiel Aqladze adına Qeyri-üzvi Kimya və Elektrokimya İnstitutunun (IICE) nümayəndələri ilə onlayn görüş keçirilib.

Görüşdə Gürcüstan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Qriqor Tatişvili, Tbilisi Dövlət Universitetinin Elmi Tədqiqatlar və İnkişaf İdarəsinin nümayəndəsi Lela Kvinikadze və digər müvafiq nümayəndələr iştirak ediblər.

Görüş zamanı iki ölkənin elmi müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə gənc alim və elmi işçilər üçün qarşılıqlı seminarların təşkili, təcrübə və elmi bilik mübadiləsinin aparılması məsələləri müzakirə olunub. Gənc tədqiqatçıların beynəlxalq elmi mühitə çıxışının genişləndirilməsi və müxtəlif ölkələrdən olan alimlərlə peşəkar əlaqələr qurması üçün yeni imkanların yaradılmasının əhəmiyyəti vurğulanıb.

Bununla yanaşı, birgə elmi məqalələrin hazırlanması və nəşri, qrant layihələrində birgə iştirak, elmi tədqiqatlar üzrə məlumat və təcrübə mübadiləsi, eləcə də tərəflərin iştirakı ilə keçirilən beynəlxalq elmi tədbirlər, forumlar, konfranslar və digər akademik platformalar barədə qarşılıqlı məlumat mübadiləsinin aparılması imkanları nəzərdən keçirilib.

Görüşdə Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun baş mütəxəssisi, Gənc Alim və Mütəxəssislər Şurasının sədr müavini Araz Dövlətov beynəlxalq əməkdaşlığın ayrı-ayrı elmi istiqamətlərlə məhdudlaşmamasının, Kimya İnstitutunun laboratoriyaları arasında birbaşa əlaqələrin qurulmasının və hər bir elmi istiqamət üzrə potensial beynəlxalq tərəfdaşların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb. O, həmçinin gənc alimlər üçün qarşılıqlı elmi seminarların təşkili və laboratoriyalar arasında birbaşa əməkdaşlıq əlaqələrinin yaradılmasını təklif edib.

Görüş zamanı əməkdaşlığın mərhələli şəkildə inkişafını nəzərdə tutan model də təqdim olunub. Növbəti mərhələdə laboratoriya nümayəndələrinin iştirakı ilə konkret elmi istiqamətlər üzrə ayrıca görüşlərin keçirilməsi, daha sonra isə rəhbərlik səviyyəsində görüşün təşkili və əməkdaşlıq haqqında Memorandumun imzalanması imkanlarının müzakirə olunması nəzərdə tutulub.

JURNALLAR
Faydalı linklər