Xəbərlər
Foto
Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır
Okt 05, 2026 | 15:29 / Konfranslar, iclaslar
Oxunub 66 dəfə

Artıq 15 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm. Müəllimlik və alimlik biri-birindən ayrı deyil. Alim daim öyrənir, araşdırır, yeni şeylər axtarır. Müəllim isə öyrəndiklərini başqalarına çatdırır və onları daha dərindən düşünməyə, araşdırmağa həvəsləndirir. Müəllim özü də öyrənməyə davam edirsə, dərsləri daha canlı və maraqlı olur.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Sorbsiya prosesləri laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru dosent Ülviyyə Məmmədova deyib.

Onun fikrincə, bəzən bir müəllimin dediyi adi bir cümlə belə tələbənin gələcəkdə verəcəyi qərarlara təsir edə bilər: “Müəllim təkcə dərs keçmir, həm də tələbənin özünə olan inamını formalaşdırır. Xüsusilə gəncin bacarığına inanan və ona bunu hiss etdirən müəllim onun qarşısında yeni imkanlar aça bilər. Ən əsas xüsusiyyət maraqdır. Əgər bir gənc hər hansı mövzu ilə bağlı “Niyə belədir? Başqa cür etmək mümkündürmü?” suallarını verirsə, deməli, onda alimlik potensialını görmək olar. Bundan əlavə, alimlik yoluna yönələn hər bir gənc bilməlidir ki, bu yolda səbir, araşdırmaq həvəsi, səhvdən qorxmamaq və hazır cavabla kifayətlənməmək çox vacibdir”.

Ülviyyə Məmmədova bildirib ki, elmi yalnız dərslikdəki məlumat kimi təqdim etmək deyil, həm də onu real həyatda baş verən hadisələrlə əlaqələndirmək vacibdir: “Tələbələrə sual vermək, kiçik araşdırmalar aparmaq, öz fikirlərini müdafiə etmək imkanı vermək daha yaxşı nəticə verə bilər. Müəllimlərə demək istərdim ki, onların gördüyü işin nəticəsi bəzən dərhal görünməsə də, illər sonra öz bəhrəsini verə bilər. Gənclərə gəlincə, öyrənməkdən və sual verməkdən çəkinməsinlər. Çünki gələcəyin alimləri, mütəxəssisləri və müəllimləri məhz bu maraqdan başlayır.

JURNALLAR
Faydalı linklər