Xəbərlər
Foto
Kimya İnstitutu Belarus tərəfi ilə birgə elmi layihələrin imkanlarını müzakirə edib
Okt 05, 2026 | 16:24 / Konfranslar, iclaslar
Oxunub 27 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu ilə Belarus Milli Elmlər Akademiyasının Ümumi və Qeyri-üzvi Kimya İnstitutu arasında elmi və beynəlxalq əməkdaşlığın inkişafı istiqamətində növbəti onlayn görüş keçirilib.

Görüşdə Belarus tərəfdən İnstitutun elmi və innovasiya işləri üzrə direktor müavini Aleksandr Ratko, həmçinin tədris istiqaməti üzrə direktor müavini iştirak edib.

Görüş zamanı iki elmi müəssisə arasında əməkdaşlığın genişləndirilməsi, tədqiqatçılar arasında birbaşa əlaqələrin qurulması, birgə elmi məqalələrin hazırlanması, elmi seminarların təşkili və beynəlxalq qrant layihələrində birgə iştirak imkanları müzakirə olunub.

Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun əməkdaşı Araz Dövlətov əməkdaşlığın konkret birgə fəaliyyətlərlə davam etdirilməsinin vacibliyini qeyd edib və iki institutun alim və tədqiqatçılarının iştirakı ilə birgə onlayn elmi seminarların keçirilməsini, laboratoriyaların tədqiqat istiqamətləri üzrə təqdimatların təşkilini və qarşılıqlı elmi təcrübə mübadiləsinin genişləndirilməsini təklif edib.

Müzakirələrdə beynəlxalq və regional qrant proqramlarında birgə iştirak, layihələrin hazırlanması və maliyyələşdirildikdən sonra birgə layihələrin praktiki şəkildə həyata keçirilməsi məsələsinə diqqət çəkilib.

Görüş zamanı tərəflər birgə tədqiqatların aparılması, elmi nəticələrin beynəlxalq nəşrlərdə dərc olunması, seminar və digər elmi tədbirlərin keçirilməsi, eləcə də beynəlxalq imkanlar və qrant proqramları barədə qarşılıqlı məlumat mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə fikir mübadiləsi aparıblar.

Belarus tərəfi əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bildirərək, yaxın müddətdə iki qurum arasında Əməkdaşlıq haqqında Memorandumun imzalanmasını təklif edib. Memorandumun gələcək birgə elmi layihələr və digər əməkdaşlıq istiqamətləri üçün əsas yaradacağı qeyd olunub.

Görüşün sonunda növbəti mərhələdə daha geniş tərkibdə görüşlərin keçirilməsi və konkret birgə fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.

JURNALLAR
Faydalı linklər