Xəbərlər
Foto
Müəllim uşağın içindəki işığı üzə çıxarmalıdır – gənc alimin düşüncələri
Okt 05, 2026 | 17:12 / Konfranslar, iclaslar
Oxunub 26 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Gülnar Alişanlı bu ildən Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayıb. Onun üçün bu, yeni bir mərhələdir. Özü də etiraf edir ki, müəllim adına hələ tam alışmayıb.

Gülnar Alişanlı özü hələ müəllimlik yolunun başlanğıcında olsa da, bu peşənin mahiyyəti barədə düşüncələri kifayət qədər aydındır. Onun müəllimlik haqqında təsəvvüründə isə öyrətmək qədər öyrənmək də mühüm yer tutur. Bu yanaşmanın formalaşmasında həm elmi mühitdə qazandığı təcrübənin, həm də həyatında iz qoyan müəllimlərinin xüsusi payı var.

Gənc alim AZƏRTAC-a müsahibəsində deyir ki, elmə olan marağının yaranmasında əsas rol oynayan onun elmi rəhbəri, eyni zamanda, müəllimi, Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyasının müdiri kimya elmləri doktoru professor Arif Heydərov olub: “Laboratoriyada işə başlayanda magistraturanı yenicə bitirmişdim və doktoranturaya başlayıb-başlamamaq barədə tərəddüd edirdim. İnstitutda işlədikcə tədqiqatlara marağım artdı. Arif müəllimin istiqamətləndirməsi də həyatımda böyük rol oynadı. Beləcə düşündüm ki, doktorant kimi təhsilimi davam etdirə bilərəm”.

Bu istiqamət Gülnar Alişanlının həyatında peşə seçimi ilə yanaşı, dünyagörüşünə də təsir edib. İndi o, həmin müəllimlik yanaşmasını öz tələbələri ilə bölüşməyə hazırlaşır. “Hesab edirəm ki, müəllim, ilk növbədə, tədqiqatçı olmalıdır. Alim özü də bir müəllimdir. Çünki alim tədqiqatçı yetişdirməli, tələbələrini öyrətməlidir. Biliyi paylaşmayacaqsansa, onu gələcəyə ötürməyəcəksənsə, həmin biliyin böyük rolu olmur. Alim öz davamçısını yetişdirməyi, elm yolunda öz töhfəsini verməyi bacarmalıdır”. O hesab edir ki, elm yolunu seçən gəncin ən vacib xüsusiyyətlərindən biri daim axtarışda olmasıdır.

Gülnar Alişanlıya görə, kimyanın tədrisində nəzəri biliklərlə yanaşı, praktiki yanaşma xüsusi əhəmiyyət daşıyır: “Çünki kimya yalnız mühazirələrdən və məşğələdən ibarət deyil. Kimyada əyani vəsaitlər olmalıdır, tələbə prosesi gözü ilə görməlidir. Kimyəvi prosesləri sadəcə mühazirədən oxumaqla kifayətlənmək olmaz. Kimya həyatdır. Ətrafımızda gördüyümüz, yaşadığımız hər şeydə kimyanın izini görmək mümkündür”. Onun fikrincə, laboratoriya imkanlarının genişləndirilməsi və təcrübələrin dərslərə daha çox inteqrasiya olunması gənclərin elmə marağını da artıra bilər: “Əyani vəsaitlərdən daha çox istifadə etməklə, mühazirədə izah olunan təcrübələri və reaksiyaları göstərməklə gənclərin diqqətini cəlb etmək olar. Kimyəvi aparatlar və avadanlıqlarla kifayət qədər təminat olmadıqda gənclərdə elmi marağı artırmaq çətinləşir”.

Gülnar Alişanlının məktəb illərində sevdiyi fizika müəlliminin ona göstərdiyi inam bu gün də yaddaşındadır: “İsmayıl müəllim mənə istiqamət verirdi, mənə olan inamını daim göstərirdi. Həmişə deyirdi: “Görərsiniz, Gülnar nələr edəcək”. Məktəbli olanda məni Respublika Fənn Olimpiadalarına fizika fənni üzrə göndərirdi. Elmi işimi müdafiə edəndə düşünürdüm ki, kaş o müəllimim sağ olaydı. Onu dəvət edərdim, həmin auditoriyada, kürsüdə məni görəydi. Çünki onun mənə inamı və dəstəyi təhsilimdə böyük rol oynayıb”. Onun fikrincə, müəllimin ən mühüm missiyalarından biri də şagirdin və tələbənin daxilindəki potensialı görə bilməkdir.

Müəllim uşağın içindəki rəngi görməlidir, onun içindəki işığı üzə çıxarmalıdır. Hər uşaq istedadlıdır. Onları gələcəyə alim, tədqiqatçı kimi yetişdirmək üçün həmin işığı üzə çıxarmaq lazımdır. Bunu da müəllim görməlidir. Bacardığı qədər uşağın içindəki işığı üzə çıxarmağa çalışmalıdır.

JURNALLAR
Faydalı linklər