Okt 07, 2026 | 12:18 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının əməkdaşlarının məqaləsi “Web of Science” və “Scopus” beynəlxalq indeksləşmə bazalarına daxil olan “Tətbiqi Polimer Elmləri” (Journal of Applied Polymer Science) jurnalında dərc olunub. “Polimerlə Dəstəklənən Metal Katalizatorların Süni İntellektin Rəhbərliyi ilə Dizaynı: Proqnozlaşdırıcı Maşın Öyrənməsindən Bayes Optimizasiyasına” (AI-Guided Design of Polymer-Supported Metal Catalysts: From Predictive Machine Learning to Bayesian Optimization) adlı məqalənin dərc olunduğu jurnalın impakt faktoru 3,1, kvartili isə Q2-dir.
Məqalədə metal-polimer katalizatorların layihələndirilməsi və optimallaşdırılması prosesində süni intellektin rolu qiymətləndirilir. Tədqiqatda əsas diqqət proqnozlaşdırıcı maşın öyrənməsi yanaşmalarından Bayes optimallaşdırmasına keçidə yönəldilir.
Məqalədə polimer materialların xüsusiyyətlərinin proqnozlaşdırılması üçün tətbiq oluna bilən modelləşdirmə yanaşmaları, eləcə də fiziki qanunauyğunluqları nəzərə alan neyron şəbəkələri nəzərdən keçirilir. Bununla yanaşı, müxtəlif metodları birləşdirən hibrid yanaşmalar təqdim olunur.
Tədqiqatda sahə üzrə mövcud əsas problemlər və gələcək inkişaf perspektivləri də müzakirə edilir. Sonda metal-polimer katalizatorların daha səmərəli layihələndirilməsi və optimallaşdırılması məqsədilə potensial iş axını təklif olunur.
Məqalə süni intellekt və qabaqcıl hesablama metodlarının katalizatorların hazırlanması prosesinə inteqrasiyasının imkanlarını nümayiş etdirir və bu istiqamətdə gələcək tədqiqatlar üçün perspektivli yanaşmalar təqdim edir.
H. E. Taghi-zada, S. A. Jabiyeva, N. A. Zeynalov, and D. B. Tagiyev. AI-Guided Design of Polymer-Supported Metal Catalysts: From Predictive Machine Learning to Bayesian Optimization. Journal of Applied Polymer Science 143, No. 29 (2026) e70848









