Xəbərlər
Foto
Kimya İnstitutunda layiqli əmək mövzusunda müzakirə keçirilib
Okt 07, 2026 | 16:31 / Konfranslar, iclaslar
Oxunub 95 dəfə

 Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda layiqli əmək mövzusuna həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən institutun Həmkarlar Təşkilatı sədrinin müavini Elxan İsakov layiqli əməyin sosial müdafiənin gücləndirilməsi, şəxsi inkişaf üçün imkanların genişləndirilməsi, sosial inteqrasiyanın və qadınlarla kişilər arasında bərabər imkanların təmin olunması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

Elxan İsakov qeyd edib ki, layiqli əməyin təşviqi Azərbaycan vətəndaşlarının sosial və əmək hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq təşəbbüslərin əsas istiqamətlərindən biridir. O, Azərbaycanla Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində layiqli əməyin təmin olunması istiqamətində həyata keçirilən proqramların əhəmiyyətinə diqqət çəkib.

Bildirilib ki, bu istiqamətdə həyata keçirilən proqramlarda məşğulluq imkanlarının genişləndirilməsi, iqtisadi inkişafın və makroiqtisadi sabitliyin dəstəklənməsi, səhiyyə və təhsil xidmətlərindən bərabər yararlanmaq imkanlarının artırılması, sosial həssas qrupların, o cümlədən məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və digər sosial məsələlərin həlli kimi məqsədlər öz əksini tapıb.

Elxan İsakovun sözlərinə görə, layiqli əmək yalnız əməkhaqqının səviyyəsi ilə məhdudlaşmır. Buraya işçinin gördüyü işin onun ixtisas və peşə hazırlığına uyğunluğu, təhlükəsiz və münasib iş şəraiti, əmək hüquqlarının qorunması, sosial təminat və əməyin nəticəsinə uyğun əməkhaqqı kimi amillər daxildir.

O vurğulayıb ki, işçinin peşə və bacarıqlarına uyğun işlə təmin olunması, əməyinin layiqincə qiymətləndirilməsi və təhlükəsiz əmək şəraitinin yaradılması layiqli əməyin əsas şərtlərindəndir. Bu məsələlərə ayrı-ayrılıqda deyil, kompleks şəkildə yanaşılması vacibdir.

Qeyd olunub ki, layiqli əməyin təmin edilməsi məşğulluq siyasətinin əsas istiqamətlərindən biridir. Bu baxımdan əhalinin dayanıqlı və keyfiyyətli iş yerləri ilə təmin olunması, əmək bazarında imkanların genişləndirilməsi və işçilərin hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır.

Tədbirdə, həmçinin Beynəlxalq Əmək Təşkilatının layiqli əmək konsepsiyası barədə məlumat verilib. Bildirilib ki, konsepsiyanın əsas məqsədləri hər kəs üçün məhsuldar məşğulluq imkanlarının yaradılması, əmək hüquqlarının qorunması, sosial müdafiənin gücləndirilməsi və qadınlarla kişilər üçün bərabər imkanların təmin edilməsidir.

Sonda tədbir iştirakçılarının mövzu ilə bağlı fikir və təklifləri dinlənilib.

JURNALLAR
Faydalı linklər