Okt 08, 2026 | 18:11 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli çıxışı - strateji inkişafın yeni yol xəritəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə giriş nitqi ilə çıxış edən Kimya İnstitutunun direktoru vəzifəsini icra edən professor Əfsun Sucayev qeyd edib ki, ötən həftə keçirilən YAP-ın VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Onun sözlərinə görə Azərbaycanın yeni tarixi mərhələyə qədəm qoyduğu ərazi bütövlüyü və suverenliyi tam bərpa etdikdən sonra ilk dəfə baş tutması möhtəşəm tədbirə ayrı özəllik, xüsusi əhəmiyyət gətirib.
Əfsun Sucayev Prezident İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışının həm də ölkənin qarşıdakı inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji Yol Xəritəsi olduğunu qeyd edib. Onun sözlərinə görə, çıxışda qarşıdakı illər üçün konkret əsas hədəflər və vəzifələr müəyyənləşdirilib, Azərbaycanın əldə etdiyi nailiyyətlərin davamlılığının təmin olunması ilə bağlı mühüm mesajlar səsləndirilib.
İnstitut rəhbəri vurğulayıb ki, ölkənin əldə etdiyi uğurların əsasını Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kurs təşkil edir. O, qarşıdakı dövrdə də bu siyasi xəttə sadiq qalmağın, milli həmrəyliyin qorunmasının və dövlətin inkişafına töhfə verən fəaliyyətin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Əfsun Sucayev çıxışında elm və təhsilin, eləcə də alimlərin cəmiyyətdəki roluna xüsusi diqqət çəkib. O bildirib ki, müasir dövrdə ölkənin intellektual potensialının gücləndirilməsi və elmi ictimaiyyətin qarşısında duran vəzifələrin layiqincə yerinə yetirilməsi strateji əhəmiyyət daşıyır.
YAP Yasamal rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev geniş məruzəsində ilk öncə hakim partiyanın yaradılmasının Azərbaycanın müasir dövlətçilik tarixində mühüm hadisə olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, 1992-ci ildə Naxçıvanda keçirilən təsis konfransında 550-dən artıq ziyalının iştirakı ilə Yeni Azərbaycan Partiyası təsis edilib və Ulu Öndər Heydər Əliyev partiyanın sədri seçilib. Natiq bildirib ki, YAP-ın yaradılması Azərbaycanın siyasi həyatında yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, ölkənin gələcək inkişafının siyasi əsaslarının formalaşmasında mühüm rol oynayıb. Onun sözlərinə görə, Prezident İlham Əliyevin qurultaydakı çıxışında partiyanın keçdiyi tarixi yol və qarşıdakı vəzifələr barədə mühüm mesajlar səsləndirilib.
Bəxtiyar Nəbiyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasını ölkənin son illərdə əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri kimi qiymətləndirib. O, YAP-ın VIII Qurultayının, məhz bu yeni reallıqlar fonunda keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Çıxışında ideoloji təhlükəsizlik məsələsinə də toxunan Təşkilat rəhbəri müasir dövrdə informasiya və ideoloji təsirlərin sərhəd tanımadığını bildirib. O, milli birliyin qorunmasının, Azərbaycan cəmiyyətinin kənar təsirlərdən müdafiəsinin və dövlətçilik dəyərlərinin gücləndirilməsinin vacibliyini qeyd edib.
Bəxtiyar Nəbiyev Azərbaycanın müdafiə və təhlükəsizlik imkanlarının daha da gücləndirilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Tədbirdə Kimya İnstitutunun “Əlvan və qara metal tərkibli mineral xammalın emalı” laboratoriyasının müdiri, kimya elmləri doktoru, professor Arif Heydərov və digər natiqlər çıxış edərək, alim və mütəxəssislərin ölkənin inkişafı, elmi potensialının artırılması və qarşıya qoyulan strateji hədəflərin həyata keçirilməsində fəal iştirak etməsinin vacibliyini vurğulayıb.
Tədbir mövzu ətrafında fikir mübadiləsi ilə davam edib.









