Okt 16, 2026 | 17:40 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda “Asimmetrik (Enantioselektiv) sintez” mövzusunda elmi seminar keçirilib.
Seminarı giriş sözü ilə açan institutun direktor vəzifəsini icra edən professor Əfsun Sucayev elmi seminarların təşkilinin əhəmiyyətindən danışıb. O bildirib ki, institutda elmi müzakirələrin genişləndirilməsi, aktual tədqiqat istiqamətlərinin müzakirəyə çıxarılması və müxtəlif elmi müəssisələrdə çalışan alimlərin təcrübəsindən faydalanmaq əsas prioritetlərdəndir.
Professor Əfsun Sucayev seminarın mövzusunun aktuallığına toxunaraq asimmetrik sintezin müasir üzvi kimyanın mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. O bildirib ki, bu sahədə aparılan tədqiqatlar fundamental elmi problemlərin, o cümlədən həyatın mənşəyi ilə bağlı sualların araşdırılması, eləcə də farmakologiya və dərman maddələrinin sintezi sahəsində yeni imkanların yaranması baxımından xüsusi əhəmiyyət daşıyır.
Əfsun Sucayev asimmetriya kimyası sahəsində əldə olunan elmi nəticələrin Azərbaycanda aparılan tədqiqatlar üçün də əhəmiyyətli olduğunu qeyd edib. O, bu istiqamətdə araşdırmalar aparmış alimlərdən professor İdris Əhmədovun və Azərbaycan Texniki Universitetinin professoru, kimya elmləri doktoru Güləhməd Talıbovun fəaliyyətini xüsusi vurğulayıb. Bildirib ki, Güləhməd Talıbovun uzun illər ərzində asimmetrik sintez sahəsində apardığı tədqiqatlar bu istiqamətdə elmi potensialın qorunması və inkişaf etdirilməsi baxımından əhəmiyyətlidir.
Professor gənc tədqiqatçıların təcrübəli alimlərin elmi biliklərindən və tədqiqat təcrübəsindən faydalanmasının vacibliyini diqqətə çatdırıb. O, asimmetrik sintezin gələcəkdə də yeni elmi nailiyyətlərə yol açacaq perspektivli tədqiqat istiqamətlərindən biri olduğunu bildirib.
Daha sonra Azərbaycan Texniki Universitetinin professoru, kimya elmləri doktoru Güləhməd Talıbov “Asimmetrik (Enantioselektiv) sintez” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə asimmetrik sintezin nəzəri əsasları, xiral molekulların alınması, qeyri-xətti effektlər və avtokataliz proseslərinin elmi əhəmiyyəti müzakirə olunub. Güləhməd Talıbov bildirib ki, asimmetrik (enantioselektiv) sintez müasir üzvi kimyanın mühüm istiqamətlərindən biridir. Bu sahədə aparılan tədqiqatlar xiral molekulların yaranma mexanizmlərinin öyrənilməsi, həyatın mənşəyinin araşdırılması, eləcə də daha təhlükəsiz və effektiv dərman preparatlarının hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.
Alim qeyd edib ki, qeyri-xətti effektlər və avtokatalitik proseslərin öyrənilməsi kimyəvi reaksiyaların daha dəqiq idarə olunmasına və tələb olunan enantiomerlərin üstünlüklə alınmasına imkan yaradır. Bu istiqamətdə əldə olunan elmi nəticələr fundamental kimyanın inkişafı ilə yanaşı, əczaçılıq sənayesi üçün də yeni perspektivlər açır.
Güləhməd Talıbov, həmçinin Azərbaycanda asimmetrik sintez sahəsində aparılan tədqiqatların genişləndirilməsinin, gənc alimlərin bu istiqamətə cəlb edilməsinin və beynəlxalq elmi nailiyyətlərin yerli tədqiqatlarda tətbiqinin vacibliyini vurğulayıb.
Seminar mövzu ətrafında fikir mübadiləsi və müzakirələrlə davam edib.









