Xəbərlər
Foto
Kimya İnstitutunun alimi antioksidant xassələrin tədqiqinə dair elmi nəticələrini təqdim edib
Okt 19, 2026 | 14:19 / Mühüm hadisələr
Oxunub 125 dəfə

Fransanın Lion şəhərində “Fundamental və tətbiqi tədqiqatlar: müasir meyillər və inkişaf perspektivləri” mövzusunda VII Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib. Onlayn formatda təşkil olunan tədbirdə müxtəlif elmi istiqamətlər üzrə aktual tədqiqatların nəticələri və müasir elmin inkişaf perspektivləri müzakirə edilib.

Konfransda Elm və Təhsil Nazirliyi Kimya İnstitutunu “Bioüzvi kimya” laboratoriyasının aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Sabir Babayev təmsil edib. O, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Analitik və üzvi kimya kafedrasının dosenti Nizami Əkbərov və həmin kafedranın müəllimi Cənnət İmanova ilə həmmüəllif olduğu “1,2-epitio-3-aminopropanın antioksidant xassələri” adlı elmi məqaləni konfransın materiallar toplusunda dərc etdirib.

Məqalədə neft məhsullarının oksidləşmədən qorunması üçün daha effektiv və çoxfunksiyalı aşqarların işlənib hazırlanması istiqamətində aparılan tədqiqatların nəticələri əks olunub. Bu məqsədlə 1,2-epitio-3-N-arilaminopropanın (arilamin tiiranların) antioksidant xassələri kumilperoksid radikalları və kumilhidroperoksidlə model reaksiyalar əsasında öyrənilib, birləşmələrin quruluşu ilə antioksidant təsiri arasındakı qanunauyğunluqların müəyyənləşdirilməsi hədəflənib. Tədqiqat nəticələri göstərib ki, sintez edilmiş 1,2-epitio-3-N-arilaminopropan peroksid radikalları ilə reaksiyaya girərək zəncirvari oksidləşmə prosesini dayandırır. Həmçinin birləşmə kumilhidroperoksidin molekulyar məhsullar əmələ gətirməklə parçalanmasını təmin edir. Əldə olunan nəticələr bu birləşmələrin neft məhsullarını oksidləşmədən qoruyan antioksidant aşqarlar kimi istifadə perspektivlərini ortaya qoyur.

Qeyd edək ki, 19-21 oktyabr tarixlərində davam edəcək konfrans çərçivəsində kimya, materialşünaslıq, biologiya, fizika-riyaziyyat, texnika, eləcə də humanitar və ictimai elmlər sahələrində aparılan aktual tədqiqatlar və tətbiqi həllər təqdim olunub. Müxtəlif ölkələri təmsil edən alimlər fənlərarası tədqiqatlar, davamlı inkişaf və innovativ texnologiyaların elmi sahələrdə tətbiqi ilə bağlı məruzələrlə çıxış ediblər.

Konfransın elmi materialları və məqalə xülasələri tədbirin xüsusi toplusunda nəşr olunub. Səmərəli elmi fəaliyyətlərinə və konfransın işində fəal iştiraklarına görə məqalə müəlliflərinə beynəlxalq sertifikatlar təqdim edilib.

JURNALLAR
Faydalı linklər