Xəbərlər
Foto
Kimya İnstitutunda mülki müdafiə manqalarının heyətinin növbəti görüşü keçirilib
Okt 19, 2026 | 15:09 / Konfranslar, iclaslar
Oxunub 70 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda rəhbər heyətin "Mülki müdafiə məşqi" keçirilib. Görüşün əsas məqsədi institut əməkdaşlarının mülki müdafiə sahəsində bilik və bacarıqlarının artırılması, fövqəladə hallar zamanı düzgün davranış qaydaları, təhlükəsizlik tədbirləri və mühafizə üsulları barədə məlumatlılığın gücləndirilməsi olub.
Tədbir çərçivəsində institutun kadrlar və mülki müdafiə üzrə mütəxəssisi Şöhrət Əliyev “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin və şəxsi heyətin fəaliyyəti” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması prosesində mülki müdafiə qüvvələrinin və şəxsi heyətin üzərinə düşən vəzifələr, görülən tədbirlərin əlaqələndirilməsi və operativ fəaliyyətin təşkili məsələləri diqqətə çatdırılıb.
Bildirilib ki, fövqəladə hallar zamanı çevik və düzgün qərarların qəbul edilməsi, şəxsi heyətin öz vəzifələrini dəqiq bilməsi, eləcə də müvafiq təhlükəsizlik qaydalarına əməl olunması yarana biləcək risklərin azaldılmasında mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, mülki müdafiə manqalarının fəaliyyətinin təşkili, əməkdaşların hazırlıq səviyyəsinin yüksəldilməsi və fövqəladə vəziyyətlərdə birgə fəaliyyət bacarıqlarının inkişaf etdirilməsi xüsusi önəm kəsb edir.
Görüş zamanı mülki müdafiə sahəsində biliklərin mütəmadi olaraq yenilənməsinin, əməkdaşların fövqəladə hallara hazırlıq səviyyəsinin artırılmasının və təhlükəsizlik mədəniyyətinin gücləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, bu cür maarifləndirici görüşlər əməkdaşların mülki müdafiə üzrə biliklərinin təkmilləşdirilməsinə, mümkün fövqəladə hallara daha hazırlıqlı olmalarına və institutda təhlükəsiz iş mühitinin təmin edilməsinə töhfə verir.

JURNALLAR
Faydalı linklər