Okt 19, 2026 | 16:01 / Nəşrlər
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun “Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları laboratoriyasının” əməkdaşları Çiçək Seyidova, Həcər Aslanova, Nigar Şıxverdiyeva, Nərgiz Rəhimli, Cəmilə Quliyeva, Aytac Cavadzadə, Ülviyyə Məmmədova və Nizami Zeynalovun Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşı Pərvanə Mövsümova ilə birgə hazırladıqları icmal məqaləsi beynəlxalq elmi jurnalda dərc olunub.
“Tullantı suların təmizlənməsi üçün polimer sorbentlər: quruluş–struktur əlaqələri və adsorbsiya mexanizmləri” (“Polymer Sorbents for Wastewater Treatment: Structure–Performance Relationships and Adsorption Mechanisms”) adlı məqalə “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənən, impakt faktoru 2.3 olan Q3 kvartilli “Environmental Quality Management” jurnalında yayımlanıb.
İcmal məqaləsində çirkab suların təmizlənməsində istifadə olunan polimer əsaslı sorbentlər, onların quruluşu ilə adsorbsiya effektivliyi arasındakı əlaqələr və müxtəlif çirkləndiricilərin sudan ayrılma mexanizmləri təhlil olunub.
Məqalədə ağır metalların, sintetik boyaların, per- və poliflüoralkil maddələrin (PFAS), əczaçılıq qalıqlarının və endokrin sistemə təsir edən birləşmələrin təmizlənməsində polimer sorbentlərin tətbiq imkanları nəzərdən keçirilib. Polimerlərin funksional qruplarının modifikasiyası, tikilmə sıxlığı və məsaməli quruluşunun adsorbsiya prosesinə təsiri qiymətləndirilib.
Həmçinin molekulyar imprinted polimerlər, polimer ion mayeləri, stimullara həssas hidrogellər və maqnit polimer nanokompozitləri kimi perspektivli materiallar haqqında elmi məlumatlar ümumiləşdirilib. Sorbentlərin regenerasiyası, təkrar istifadəsi, struktur sabitliyi və praktiki tətbiqi ilə bağlı mövcud çətinliklər təhlil edilib. Gələcək tədqiqatlar üçün maşın öyrənməsi yanaşmalarının polimer sorbentlərin layihələndirilməsində tətbiq perspektivləri də vurğulanıb.
Məqalə polimer əsaslı sorbentlərin inkişafı, çirkab suların təmizlənməsi texnologiyalarının təkmilləşdirilməsi və ekoloji problemlərin həlli istiqamətində aparılan elmi araşdırmalar üçün əhəmiyyətli məlumat mənbəyidir.
Chichak Seyidova, Hajar Aslanova, Nigar Shikhverdiyeva, Nargiz Rahimli, Jamila Guliyeva, Aytaj Javadzada, Ulviyya Mammadova, Mehpara Nadiri, Nizami Zeynalov, Parvana Movsumova. Polymer Sorbents for Wastewater Treatment: Structure–Performance Relationships and Adsorption Mechanisms. Environmental Quality Management. 2026, Volume 36, Issue 4.









