Okt 22, 2026 | 16:15 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunda Türkiyənin Orta Şərq Texniki Universitetinin (METU) professoru Tayfur Öztürkün iştirakı ilə onlayn elmi seminar keçirilib.
Əvvəlcə Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun müdiri Natiq Salahov müəssisədə son dövrlərdə həyata keçirilən yeniliklər, elmi-tədqiqat sahəsində əldə olunan nəticələr və institusional inkişaf istiqamətləri barədə məlumat verib. O bildirib ki, institutun beynəlxalq elmi əlaqələrinin genişləndirilməsi, xarici mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması və müasir elmi prioritetlərin müzakirəsi məqsədilə Beynəlxalq Əməkdaşlıq sektoru tərəfindən silsilə onlayn seminarlar təşkil olunur.
Daha sonra professor Tayfur Öztürk “İnkişaf etməkdə olan enerji sistemlərində hidrogenin ayrılması üçün sıx metal membranların yeri və gələcəyi” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə hidrogenin dayanıqlı enerji sistemlərində istifadəsi və onun digər qazlardan ayrılması texnologiyaları barədə məlumat verilib. Bildirilib ki, hidrogenin təbii qaz şəbəkələrinə qarışdırılması onun nəqli və böyük həcmdə saxlanması üçün alternativ imkanlar yaradır. Bu prosesdə hidrogeni seçici şəkildə ayıran membranların müxtəlif temperatur şəraitində işləməsi xüsusi əhəmiyyət daşıyır. Tayfur Öztürk hidrogenin ayrılması üçün palladium əsaslı sıx metal membranlar üzrə aparılan tədqiqatlardan, xüsusilə aşağı temperaturda işləmək potensialına malik Pd-Ag-Mn üçlü ərinti sistemindən bəhs edib. Həmçinin ənənəvi folqa əsaslı membranlarla yanaşı, nazik təbəqəli metal membranların hazırlanması imkanları və bu sahədə mövcud texniki çətinliklər nəzərdən keçirilib.
Məruzədən sonra mövzu ətrafında müzakirələr aparılıb. Seminarın sonunda Kimya İnstitutu ilə Orta Şərq Texniki Universiteti arasında hidrogen texnologiyaları və materialşünaslıq sahəsində gələcək əməkdaşlıq imkanları, birgə tədqiqat layihələrinin hazırlanması və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.









