Okt 30, 2026 | 18:02 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının iclası keçirilib.
İclasda kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün iddiaçı Nərmin Mustafayevanın “Propan qazından karbon nanoborularının sintezi və onların karbohidrogenlərin katalitik oksidləşmə proseslərində tədqiqi” mövzusunda dissertasiya işinin müdafiəsi baş tutub.
Dissertasiya işi 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə təşkil olunub. İddiaçının elmi rəhbəri AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru professor Eldar Zeynalovdur.
Rəsmi opponentlər Naxçıvan Dövlət Universitetinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru professor Tofiq Əliyev, Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun baş elmi işçisi, kimya elmləri doktoru dosent Aygün Əliyeva və Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Sima Zülfüqarovadır.
Tədqiqat işində propan qazından karbon nanoborularının sintezi və onların karbohidrogenlərin katalitik oksidləşması prosesində tətbiqi araşdırılıb. İşdə karbon nanoborularının katalitik xassələri, xüsusilə də dəmir tərkibli nanokatalizatorların effektivliyi öyrənilib. Propan qazının yerli xammal kimi istifadəsi və əldə olunan nanomaterialların katalitik proseslərdə tətbiqi imkanları qiymətləndirilib.









