Noy 01, 2026 | 19:01 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun İnnovasiya və Texnologiyaların Transferi Ofisi elm və sənaye arasında möhkəm körpü rolunu oynayır. Son dövrlər institutun beynəlxalq əlaqələrinin genişlənməsi, xüsusilə Özbəkistan Respublikası Elmlər Akademiyasının Polimerlər Kimyası və Fizikası İnstitutu ilə aparılan səmərəli danışıqlar bu istiqamətdə atılan mühüm addımlardandır.
Kimya İnstitutunun Beynəlxalq Əməkdaşlıq sektorunun mütəxəssisi, institutun İnnovasiya və Texnologiyaların Transferi Ofisinin müvəqqəti məsul şəxsi Araz Dövlətov elmdən sənayeyə keçid, beynəlxalq elmi-innovasiya körpüləri və bu əməkdaşlığın Azərbaycan iqtisadiyyatı üçün real faydaları barədə yeniproqnoz.az-a müsahibə verib.
- Araz müəllim, Kimya İnstitutunun İnnovasiya və Texnologiyaların Transferi Ofisinin müvəqqəti məsul şəxsi olaraq əsas missiyanız nədir?
- Əsas məqsədimiz elmdən sənayeyə keçidi təmin etməkdir. Laboratoriya şəraitində əldə olunan elmi nəticələr yalnız məqalələrdə qalmamalı, real sektora - sənayeyə, kənd təsərrüfatına və tibbə fayda verməlidir. Biz İnnovasiya və Texnologiyaların Transferi Ofisi vasitəsilə alimlərimizlə biznes sektoru arasında etibarlı bir körpü qururuq.
- Bu yaxınlarda Özbəkistanın Polimerlər Kimyası və Fizikası İnstitutu ilə onlayn görüş keçirildi. Bu elmi əməkdaşlıq Azərbaycan üçün konkret olaraq hansı imkanlar və faydalar açır?
- Bu görüş sadəcə iki elmi müəssisənin təcrübə mübadiləsi deyil, Azərbaycan və Özbəkistan arasında beynəlxalq elmi-innovasiya körpüsünün qurulması və möhkəmləndirilməsidir. Bu əməkdaşlıq ölkəmizdə sənaye tullantılarının emalı, suya qənaət edən hidrogellərin hazırlanması, yeni biomaterialların sintezi və suyun təmizlənməsi kimi sahələrdə tədqiqatların sənaye, kənd təsərrüfatı, tibb və ətraf mühitin mühafizəsində tətbiqinə real imkanlar yaradır.
- Görüş zamanı iki ölkənin laboratoriyaları arasında hansı konkret elmi istiqamətlər üzrə razılıq əldə olundu?
- Bizim laboratoriyaların əməkdaşları polimer materiallar, kataliz, sorbsiya prosesləri və kimyəvi-fiziki analiz sahəsindəki tədqiqatlarını təqdim etdilər. Görüş zamanı nanostrukturlu metal-polimer katalizatorları istiqamətində artıq mövcud olan birgə layihəmizin yenidən fəallaşdırılması və fəaliyyətin daha da gücləndirilməsi istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəldik.
- Gələcək planlar nədir? Bu layihələrin Azərbaycan sənayesinə inteqrasiyası necə tənzimlənəcək?
- Görüşün sonunda laboratoriyalar arasında birbaşa elmi əlaqələrin genişləndirilməsi, birgə tədqiqat layihələrinin inkişaf etdirilməsi və növbəti mərhələdə institut rəhbərliklərinin iştirakı ilə görüşün keçirilməsi müzakirə olundu. Həmçinin əməkdaşlığın memorandum imzalanmaqla rəsmiləşdirilməsi istiqamətində razılıq əldə edilməsi nəzərdə tutulub.









