Xəbərlər
Foto
Kimya İnstitutunun Elmi Şurasında laboratoriyaların fəaliyyəti müzakirə olunub
Noy 02, 2026 | 16:00 / Konfranslar, iclaslar
Oxunub 73 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutunun Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda institutun direktoru professor Əfsun Sucayev elmi tədqiqat müəssisələrində ayrı-ayrı laboratoriyalar üzrə əməkdaşların fərdi deyil, kollektiv formada, bir-biri ilə əlaqələndirilmiş şəkildə elmi işə cəlb olunmasının vacibliyini vurğulayıb. Bildirib ki, laboratoriyaların bütün əməkdaşları tədqiqat prosesində fəal iştirak etməlidirlər.

Daha sonra iclasın gündəliyindəki məsələlər müzakirə olunub və bir sıra laboratoriyaların 2026-cı ildə apardıqları elmi-tədqiqat işlərinin hesabatları dinlənilib.

İlk olaraq “Əlvan və qara metal tərkibli mineral xammalın emalı” laboratoriyasının hesabatı təqdim edilib. Hesabat məruzəsi ilə laboratoriyanın aparıcı alimləri - kimya elmləri doktoru, professor Asif Məmmədov və kimya üzrə fəlsəfə doktoru Gülnar Alişanlı çıxış ediblər.

Müzakirə zamanı professor Əfsun Sucayev laboratoriyanın fəaliyyətini qənaətbəxş qiymətləndirib. Elm və Təhsil Nazirliyinin Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi ilə Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovativ İnkişaf Agentliyinin birgə keçirdiyi müsabiqədə 5 qalib layihələrdən ikisinin “Əlvan və qara metal tərkibli mineral xammalın emalı laboratoriyası”nın alimlərinin iştirakı ilə hazırlanmasını mühüm nəticə kimi vurğulayıb. Bildirilib ki, bu fəaliyyətə görə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən instituta təşəkkür məktubu göndərilib.

Direktor, həmçinin “Azərbaycan Respublikasında dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair 2027-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində laboratoriyanın fəaliyyət istiqamətlərindən danışıb.

Qeyd edilib ki, laboratoriya əməkdaşları tərəfindən Dövlət Proqramında müəyyən edilmiş strateji hədəfləri nəzərə alaraq, laboratoriyanın gələcək elmi-tədqiqat fəaliyyətində Qarabağ regionunun Dəmirli mis-molibden filizinin, eləcə də Filizçay yatağının polimetal sulfid filizinin kompleks emalı istiqamətində tədqiqatların aparılması planlaşdırılır.

Laboratoriyanın əməkdaşlarının elmmetrik göstəriciləri də müzakirə olunub. Elmi nəticələri aşağı olan əməkdaşlara müvafiq tapşırıq və tövsiyələr verilib.

“Keçid metal birləşmələri əsasında funksional materiallar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Faiq Məmmədov 2026-cı ildə aparılmış elmi-tədqiqat işləri barədə hesabat təqdim edib. Məruzənin müzakirəsi zamanı laboratoriyanın fəaliyyəti qənaətbəxş qiymətləndirilib, əməkdaşların elmmetrik göstəricilərində artan dinamika müşahidə olunduğu bildirilib.

Daha sonra “Kompozit materiallar və korroziyadan mühafizə” laboratoriyasının hesabatı dinlənilib. Laboratoriya müdiri, aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Məcidzadə institutda aparılan optimallaşdırma tədbirlərindən sonra laboratoriyaya rəhbər təyin olunduğunu qeyd edib.

Hesabat məruzəsi ilə laboratoriyanın aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru, dosent Hilal Tahirli çıxış edib.

Müzakirələr zamanı laboratoriyanın fəaliyyəti qənaətbəxş qiymətləndirilib. Professor Əfsun Sucayev innnovativ fəaliyyət göstərən laboratoriyanın tədqiqatlarının ölkə iqtisadiyyatı üçün tətbiqi imkanlarına diqqət çəkib. Əməkdaşların elmmetrik göstəriciləri müzakirə olunub, nəticələrin artırılması tövsiyə edilib.

İclasda “Funksional xassəli qeyri-üzvi maddələrin termodinamikası” laboratoriyasının 2026-cı ildə apardığı elmi-tədqiqat işlərinin hesabatı da təqdim olunub. Laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru Elvin Əhmədov məruzə ilə çıxış edib.

Hesabatın müzakirəsi zamanı laboratoriyada sistemli fəaliyyətin və əməkdaşların birgə işinin nəticələrinin olduğu vurğulanıb. Elmmetrik göstəricilərin məqbul olduğu, laboratoriyada gənc əməkdaşların üstünlük təşkil etdiyi qeyd edilib.

Yekunda laboratoriyaların elmi göstəricilərin yüksəldilməsi və tədqiqatların səmərəliliyinin artırılması ilə bağlı tapşırıq və tövsiyələr verilib.

JURNALLAR
Faydalı linklər