Xəbərlər
Kimya İnstitutunun alimləri Gürcüstanda keçiriləcək Beynəlxalq Elmi Konfransda iştirak edəcəklər
Noy 04, 2026 | 13:14 / Konfranslar, iclaslar
Oxunub 23 dəfə

Noyabrın 25-27-də Gürcüstanın Tbilisi (onlayn) və Batumi (əyani) şəhərlərində “Kimya, Kimya Texnologiyaları və Əlaqəli Sahələrdə Müasir Trendlər: Yaşıl Enerji Perspektivləri, Ekoloji Davamlılıq, Qida Təhlükəsizliyi - 2026” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Tədbir Gürcüstanın Rafael Aqladze adına Qeyri-Üzvi Kimya və Elektrokimya İnstitutunun 70 illik yubileyinə həsr olunub.

Konfransda müxtəlif ölkələrin elm və tədqiqat mərkəzlərini təmsil edən mütəxəssislərin plenar məruzələrlə çıxış etməsi nəzərdə tutulur. Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Kimya İnstitutunu aparıcı elmi işçi dosent Manaf Manafov, aparıcı elmi işçi dosent İradə Məlikova, “Nanokompozit və nanokatalizatorlar” laboratoriyasının əməkdaşı, aparıcı elmi işçi dosent Aygün Rüstəmova, Fiziki-Kimyəvi Analiz Mərkəzinin rəhbəri Sevinc Osmanova və mərkəzin baş elmi işçisi Etibar İsmayılov təmsil edəcək.

Konfrans çərçivəsində kimya və əlaqəli elm sahələrində aktual elmi məsələlərin müzakirəsi, yeni tədqiqat nəticələrinin təqdim olunması və mütəxəssislər arasında fikir mübadiləsinin aparılması nəzərdə tutulur. Tədbirin elmi proqramı aşağıdakı 6 əsas tematik istiqaməti əhatə edir:

- Nanoproseslər və nanotexnologiyalar - nanomateriallar, nanokompozitlər, nanosistemlər;

- Faydalı qazıntıların və təkrar xammalın emalının fundamental və texnoloji aspektləri;

- Yaşıl kimya - innovativ materiallar, tullantıların təmizlənməsi üsulları, enerji və ekologiya;

- Elmi innovasiyaların populyarlaşdırılması və kommersiyalaşdırılması;

- Qida kimyası və keyfiyyəti - biokimyəvi dəyişikliklər, qida təhlükəsizliyi, müasir emal texnologiyaları;

- STEM+P: Elm, innovasiya və siyasət - elmi tədqiqatların idarə edilməsi, yaşıl iqtisadiyyat, intellektual mülkiyyət və patentləşdirmə.

JURNALLAR
Faydalı linklər