Xəbərlər
Foto
Kimya İnstitutunda laboratoriyaların 2026-cı il üzrə elmi-tədqiqat hesabatları davam edir
Noy 04, 2026 | 15:36 / Konfranslar, iclaslar
Oxunub 40 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasda əvvəlcə institutun direktoru, professor Əfsun Sucayev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, iclasda 4 laboratoriyanın hesabatı, həmçinin institutun 23.03.01 - “Qeyri-üzvi kimya” ixtisası üzrə I kurs əyani doktorantı Aygün Zeynalova və 3303.01 - “Kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə I kurs əyani doktorantı Tutu Əhmədovanın təhsilalma formasının dəyişdirilməsi məsələlərinə baxılacaq.

Daha sonra “Nanoelektrokimya və hidrogen enerjisi” laboratoriyasının müdiri Akif Əliyev 2026-cı ildə aparılmış elmi-tədqiqat işlərinin hesabatını təqdim edib.

O bildirib ki, laboratoriyada Elektrokimyəvi yolla metal-metal, metal-oksid, metal-xalkogen tərkibli elektrokatalitik, fotoelektrokatalitik xassələrə malik nazik təbəqələrin sintezi və tədqiqi” mövzusu üzrə “Metal-metal (In-Sb, Ni-P, Ni-Co-P) nazik təbəqələrinin sintezi, fiziki-kimyəvi, elektrokimyəvi və fotoelektrokimyəvi xassələrinin tədqiqi” adlı tədqiqat işi həyata keçirilib.

Sonra “Koordinasion birləşmələr” laboratoriyasının müdiri Rəyyət İsmayılov hesabatla çıxış edib. O qeyd edib ki, laboratoriyada “Yaşıl kimya prinsiplərindən istifadə etməklə fizioloji fəal koordinasion birləşmələrin alınması” mövzusu çərçivəsində “Yeni polifunksional hidrazon liqandları və modullaşdırılmış oliqo-α-aminopiridinlər əsasında keçid metal komplekslərinin, molekulyar naqillərin və koordinasion polimerlərin sintezi, bioloji və fizioloji aktivliklərinin tədqiqi” adlı tədqiqat işi aparılıb. Həmçinin laboratoriyanın əməkdaşları və il ərzində həyata keçirilən işlər barədə məlumat təqdim olunub.

Ardınca “Keçid metal kompleksləri və klatrat materiallar” laboratoriyasının müdiri Qüdrət Əliyeva 2026-cı il üzrə elmi-tədqiqat hesabatını təqdim edib. Bildirilib ki, laboratoriyada “Keçid metalların çoxsaslı aromatik karbon turşuları ilə kompleksləri əsasında adduktların sintezi, quruluş-kimyəvi tədqiqi və tətbiqinin araşdırılması, müxtəlif elektrokatalizatorların işlənib hazırlanması” mövzusu üzrə üç tədqiqat işi həyata keçirilib.

Bunlar “Mis (II), Neodium (III), Manqan (II) kationlarının paraminosalisil və piromellit turşuları ilə metal komplekslərinin və onların piridin, pirazin adduktlarının sintezi, kimyəvi quruluşu, tədqiqi”, “Lantanoidlərin ftal turşuları ilə kompleksləri əsasında bəzi aminlərlə klatratəmələgəlmənin tədqiqi” və “Keçid metalların (Fe, Co, Mo, Rh, Re, Mn) bir və ikinüvəli alkilsiklopentadienil və alkilsiklopentadienilkarbonil komplekslərinin sintezi və fiziki-kimyəvi xassələrinin tədqiqi” adlı işlərdir. Laboratoriya müdiri, həmçinin kollektivin tərkibi və il ərzində görülən işlər barədə məlumat verib.

Daha sonra “Biomimetik katalizatorlar” laboratoriyasının müdiri Nuranə Məlikova hesabatla çıxış edib. O bildirib ki, laboratoriyada “Yüksək xüsusi aktiv sahəyə malik böyük həcmli mezoməsaməli daşıyıcılar əsasında daha aktiv biomimetik nanostrukturlu katalizatorların sintezi, bu katalizatorlar və yaşıl oksidləşdirici – H₂O₂ iştirakında yaşıl texnologiyaların yaradılması” mövzusu çərçivəsində “Yüksək aktiv səthə malik mezoməsaməli daşıyıcının sintezi, onun əsasında nanostrukturlu biomimetik katalizatorların yaradılması və katalitik aktivliyinin tədqiqi” adlı tədqiqat işi aparılıb.

Hesabatlar üzrə məruzələr dinlənilərək geniş müzakirə olunub. Şura üzvləri tərəfindən müsbət dəyərləndirilərək hesabatlar qəbul edilib.

İclasda, həmçinin institutun doktorantlarının təhsilalma formasının dəyişdirilməsi məsələlərinə baxılıb. 23.03.01 - “Qeyri-üzvi kimya” ixtisası üzrə I kurs əyani doktorantı Aygün Zeynalovanın, eləcə də 3303.01 - “Kimya texnologiyası və mühəndisliyi” ixtisası üzrə I kurs əyani doktorantı Tutu Əhmədovanın müvafiq ixtisaslar üzrə qiyabi doktoranturaya keçirilməsi müzakirə olunub. Elmi Şuranın yekdil qərarı ilə hər iki müraciət qəbul edilib.

JURNALLAR
Faydalı linklər