Noy 05, 2026 | 15:33 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın əvvəlində institutun direktoru, professor Əfsun Sucayev AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Telman Qurbanovun noyabrın 6-da anadan olmasının 90 illiyinin tamam olacağını diqqətə çatdırıb. Alimin elmi fəaliyyətindən danışan direktor bildirib ki, Telman Qurbanov 1970-1983-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda elmi işlər üzrə direktor müavini, 1983–1985-ci illərdə direktor vəzifəsini icra edən, 1985–1990-cı illərdə isə laboratoriya müdiri vəzifələrində çalışıb. Əfsun Sucayev alimin kimya elmi sahəsində apardığı tədqiqatlardan və elmi irsindən söz açıb.
Ardınca direktor iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, iclasda dörd laboratoriyanın 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinə dair hesabatları dinləniləcək.
Əvvəlcə “Nanokatalizatorların iştirakı ilə oksidləşmə prosesləri” laboratoriyasının müdiri Eldar Zeynalov hesabatla çıxış edib. O bildirib ki, laboratoriyada “Yaşıl oksidləşdiricilərlə oksidləşmə reaksiyalarının effektivliyini yüksəltmək üçün biomimetik və nanokarbon katalizatorlarının yaradılması və innovativ texnologiyaların işlənilməsi” mövzusu üzrə üç tədqiqat işi aparılıb. Tədqiqatlar karbon nanokatalizatorların və modifikatorların CVD üsulu ilə hazırlanması, onların radikal proseslərdə və inşaat kompozitlərində tətbiqi, benzolun azot(I) oksidlə oksidləşməsi, həmçinin efir və sürtkü yağlarının tərkibində antioksidantların kinetik aktivliyinin təyini istiqamətlərini əhatə edib.
Daha sonra “Heterogen kataliz” laboratoriyasının elmi işçisi Mahizər Əliyeva hesabat təqdim edib. O bildirib ki, laboratoriyada metanın etan və etilenə, eləcə də butanın oksidləşdirici çevrilməsi prosesləri üzrə katalizatorların seçilməsi və riyazi modellərin hazırlanması istiqamətində tədqiqatlar aparılıb. Həmçinin karbon monoksidin və propanın oksidləşdirici çevrilməsi üçün katalizatorların sintezində yaşıl kimya prinsiplərinin tətbiqi, keçid elementləri ilə modifikasiya olunmuş alümosilikat katalizatorlarının mikrodalğalı sintezi və onların turşu-əsasi xassələrinin öyrənilməsi, Azərbaycan neft şistlərinin kerogeninin mikrodalğalı termoliz şəraitində katalitik çevrilməsi üzrə görülən işlərdən danışılıb.
“Nanostrukturlaşdırılmış metal-polimer katalizatorları” laboratoriyasının müdiri vəzifəsini müvəqqəti icra edən elmi işçi Nigar Şıxverdiyeva 2026-cı il üzrə hesabatı təqdim edib. O bildirib ki, laboratoriyada funksional qruplu təbii və sintetik polimerlər əsasında yaddaş effektinə malik polimer sorbentlərin və metal komplekslərin alınması, onların sorbsiya və katalitik xassələrinin öyrənilməsi istiqamətində tədqiqat aparılıb. Tədqiqat çərçivəsində bir sıra keçid metallarının təbii və sintetik polimerlərə immobilizə olunması, alınan materialların sorbsiya və katalitik xassələrinin araşdırılması üzrə işlər görülüb.
Ardınca “Sorbsiya prosesləri” laboratoriyasının müdiri Ülviyyə Məmmədova hesabatla çıxış edib. O bildirib ki, laboratoriyada təbii və tullantı suların, eləcə də ətraf mühiti çirkləndirən toksik maddələrin təbii və modifikasiya olunmuş sorbentlərlə sorbsiyasının tədqiqi istiqamətində iki elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar modifikasiya olunmuş klinoptilolitdə sorbsiya proseslərinin öyrənilməsi, həmçinin alümosilikat sorbentlərinin sintezi və analizini əhatə edib.
Hesabatlarda laboratoriyaların əməkdaşlarının fəaliyyəti və il ərzində görülən digər işlər barədə də məlumat verilib.
Sonda təqdim olunan hesabatlar müzakirə olunub. Elmi Şura üzvləri hesabatları müsbət qiymətləndirərək qəbul ediblər.









