Noy 05, 2026 | 16:07 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda kimya üzrə fəlsəfə doktoru, şəxsi inkişaf kouçu Sevil Xəlilovanın təqdimatında “Özünü tanı, gələcəyini istiqamətləndir!” mövzusunda fərdi inkişaf təlimi keçirilib.
Təlimin əsas məqsədi iştirakçıların özlərini daha dərindən tanımalarına, şəxsi və peşəkar inkişaf imkanlarını qiymətləndirmələrinə, fərdi potensiallarını müəyyənləşdirmələrinə və gələcək fəaliyyətlərini daha şüurlu şəkildə planlaşdırmalarına dəstək göstərmək olub.
İnteraktiv formatda baş tutan təlimdə özünü tanıma, şəxsi keyfiyyətlərin və bacarıqların düzgün qiymətləndirilməsi, məqsədlərin müəyyənləşdirilməsi və fərdi inkişafın planlaşdırılması mövzularına toxunulub.
Sevil Xəlilova insanın güclü və zəif tərəflərini tanımasının, öz imkanlarını düzgün dəyərləndirməsinin şəxsi və peşəkar həyatda qərarvermə prosesinə təsirindən danışıb. O, qarşıya qoyulan məqsədlərə çatmaq üçün düzgün planlaşdırmanın, motivasiyanın qorunmasının və davamlı özünüinkişafın vacibliyini diqqətə çatdırıb.
Təlim zamanı iştirakçılarla müxtəlif situasiyalar ətrafında fikir mübadiləsi aparılıb, gündəlik həyatda və iş mühitində qarşılaşılan çətinliklərə yanaşma üsulları müzakirə olunub. Həmçinin vaxtın səmərəli idarə edilməsi, şəxsi prioritetlərin müəyyənləşdirilməsi və özünəinamın gücləndirilməsi ilə bağlı tövsiyələr verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









