Xəbərlər
Foto
Kimya İnstitutunda üç laboratoriya və bir mərkəzin illik hesabatı dinlənilib
Noy 11, 2026 | 15:25 / Konfranslar, iclaslar
Oxunub 30 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasın əvvəlində institutun direktoru professor Əfsun Sucayev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, iclasda üç laboratoriya və bir mərkəzin 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinə dair hesabatları dinləniləcək.
Əvvəlcə “Nanokompozit və nanokatalizatorlar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Vüsal Əhmədov hesabatla çıxış edib. O bildirib ki, laboratoriyada “Əsasi və turşu səthə malik daşıyıcılar üzərində yeni metal tərkibli kompozitlərin və nanokatalizatorların sintezi, onların bir karbonlu birləşmələrin C2+ çevrilməsi proseslərində tədqiqi” mövzusu üzrə iki elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar “Müxtəlif morfologiyalı karbon nitridlər əsasında Ni və Cu tərkibli kompozitlərin hazırlanması və onların CO₂-nin CH₃OH ilə dimetil karbonata kondensləşməsi reaksiyasında katalitik effektivliyinin öyrənilməsi” və “Çoxkomponentli metal tsiklopentadienil/bemit əsaslı katalizatorların sintezi, onların element və faza tərkibinin, səth quruluşunun, optik, maqnit, termiki və katalitik xassələrinin tədqiqi” istiqamətlərini əhatə edib.
Daha sonra “Kimyəvi-texnoloji proseslərin modelləşdirilməsi” laboratoriyasının müdiri, texnika üzrə fəlsəfə doktoru Aqil Səfərov hesabat təqdim edib. O, laboratoriyada ağır neftlərin reologiyası və hidrodinamikasının, çoxkomponentli sistemlərin və fiziki-kimyəvi hadisələrin kvant-kimyəvi kompüter modelləşdirilməsi (DFT), kimyəvi-texnoloji proseslərin rəqəmsal əkizlərinin yaradılması və neyron şəbəkələrinin tətbiqi ilə optimallaşdırılması istiqamətlərində aparılan işlərdən danışıb. Həmçinin, Abşeron yarımadasındakı çirklənmiş ərazilərdən götürülən neft şlamlarının ekoloji monitorinqi, İQ-spektroskopik analizi və kombinə edilmiş üsulla utilizasiya proseslərinin riyazi modelləşdirilməsi, eləcə də piroliz prosesinin maye yan məhsullarının emalı texnologiyalarının işlənilməsi istiqamətində fəaliyyət barədə məlumat verib.
Aqil Səfərov hesabat ilində yüksək özlülüklü qeyri-Nyuton mayelərinin reoloji modelinin hazırlanması, DFT-GGA metodu ilə kubik və spinel quruluşlu birləşmələrin səthlərində metal ionlarının adsorbsiyasının modelləşdirilməsi və azotun adsorbsiya mexanizminin araşdırılması üzrə tədqiqatların aparıldığını bildirib.
Ardınca “Təhlükəli kimyəvi maddələrin zərərsizləşdirilməsi və ekoloji kataliz” laboratoriyasının müdiri, kimya elmləri doktoru Arif Əfəndi 2026-cı il üzrə hesabatı təqdim edib. O bildirib ki, laboratoriyada “Biokütlə və tullantı əsasında davamlı xammal təminatı üçün katalitik sistemlərin yaradılması, tullantı suların təmizlənməsi və toksiki maddələrin zərərsizləşdirilməsi” mövzusu üzrə tədqiqat aparılıb. Tədqiqat çərçivəsində biokütlə və biotullantıların emalı, tullantı suların təmizlənməsi və toksiki maddələrin zərərsizləşdirilməsi məsələləri araşdırılıb.
Daha sonra “Fiziki-kimyəvi analiz” mərkəzinin rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Sevinc Osmanova hesabatla çıxış edib. O bildirib ki, mərkəzdə Kimya İnstitutunun laboratoriyalarında sintez olunan üzvi və qeyri-üzvi əsaslı sistemlərin, o cümlədən adsorbent və katalizatorların element və faza tərkibinin, quruluşunun, optik, maqnit və termiki xassələrinin, həmçinin onların iştirakı ilə gedən reaksiyaların mexanizmlərinin öyrənilməsi istiqamətində üç elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar çoxkomponentli metal tsiklopentadienil/bemit əsaslı katalizatorların tərkibinin, quruluşunun və termiki xassələrinin öyrənilməsini, çoxfunksiyalı üzvi liqandların germanium, tallium və lantanla komplekslərinin alınmasını və onların ətraf mühit tullantılarının emalında və qida təhlükəsizliyində tətbiqinin araşdırılmasını əhatə edib.
Bununla yanaşı, institutda sintez olunan maye və bərk kimyəvi birləşmələrin rentgenfaza difraktoqramlarının, derivatoqramlarının, FTIR və UV/Vis spektrlərinin alınması, yeni spektrokinetik metodikaların işlənilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd olunub ki, mərkəzin tədqiqat proqramı “Kataliz”, “Koordinasion kimya” və “Analitik təminat” istiqamətlərini əhatə edir.
Hesabatlarda laboratoriya və mərkəz əməkdaşlarının elmi fəaliyyəti, eləcə də il ərzində görülən digər işlər barədə məlumatlar diqqətə çatdırılıb.
İclasın sonunda təqdim olunan hesabatlar ətrafında müzakirələr aparılıb. Elmi Şura üzvləri hesabatları müsbət qiymətləndirərək qəbul ediblər.

JURNALLAR
Faydalı linklər