Noy 11, 2026 | 16:02 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun əməkdaşları Çexiyanın Praqa şəhərində hibrid formatda keçirilən “Kimya sahəsində nailiyyətlərə dair III Beynəlxalq Doktorantlar Konfransı”nda (IDCAC 2026) iştirak ediblər.
İnstitutun əməkdaşları Aygün İsazadə, Cəmilə Quliyeva və Nəzakət Əliyeva konfransa onlayn qoşularaq elmi tədqiqatlarının nəticələrini təqdim ediblər.
İnstitutun elmi işçisi Aygün İsazadə “Kinetik modellər əsasında n-alkanların oksidləşməsinin inteqral təhlili” və “Polimerə immobilizə olunmuş manqan mərkəzləri üzərində n-heksanın oksidləşməsi: EPR/EDS göstəricilərinin kinetika və proqnozlaşdırılan selektivlik xəritələri ilə əlaqələndirilməsi” mövzularında məruzələrlə çıxış edib. Məruzələrdə n-alkanların oksidləşmə proseslərinin kinetik modellər əsasında təhlili, polimer matrisində immobilizə edilmiş manqan aktiv mərkəzlərinin katalitik xassələri, həmçinin EPR və EDS analizlərinin nəticələri ilə reaksiya kinetikası və selektivlik arasındakı əlaqələrdən bəhs olunub.
İnstitutun kiçik elmi işçisi Cəmilə Quliyeva isə “Ag-PEG-in struktur və elektron xassələri: DFT metodu ilə tədqiqat” və “Qlükoza ilə yerində reduksiya üsulu vasitəsilə gümüş nanohissəcikləri və jelatin əsasında hidrogel kompozitlərinin alınması” mövzularında tədqiqat işlərini təqdim edib. Birinci tədqiqatda gümüş klasterləri ilə polietilenqlikol (PEG) arasındakı qarşılıqlı təsirlər, əmələ gələn komplekslərin struktur və elektron xassələri sıxlıq funksionalı nəzəriyyəsi (DFT) əsasında B3LYP/LANL2DZ nəzəri səviyyəsində araşdırılıb. İkinci tədqiqatda isə qlükozadan reduksiyaedici agent kimi istifadə edilməklə gümüş nanohissəciklərinin jelatin əsaslı hidrogel kompozitlərinin tərkibində formalaşdırılması və alınan materialların xassələri tədqiq olunub.
İnstitutun böyük laborantı Nəzakət Əliyeva konfransda “Elektrokimyəvi üsulla çökdürülmüş InSb nazik təbəqələrinin korroziyaya davamlılığının tədqiqi” mövzusunda məruzə ilə çıxış edib. Tədqiqat çərçivəsində nikel altlıq üzərində elektrokimyəvi üsulla alınmış indium-stibium (InSb) nazik təbəqələrinin korroziyaya davamlılığı və elektrokimyəvi davranışı araşdırılıb. Təbəqələrin struktur sabitliyini və səth xassələrini yaxşılaşdırmaq məqsədilə nümunələr 200–400 °C temperatur intervalında termiki emala məruz qoyulub. Potensiodinamik polyarizasiya (Tafel) və rentgen-faza analizi (XRD) vasitəsilə termiki emalın kristal quruluşdakı dənə sərhədi qüsurlarına və kristallıq dərəcəsinə təsiri qiymətləndirilib. Nəticələr göstərib ki, optimal termiki emal polyarizasiya müqavimətinin artmasına və korroziya cərəyanının sıxlığının azalmasına səbəb olur. Əldə edilən nəticələr InSb nazik təbəqələrinin optoelektronika və infraqırmızı detektor texnologiyalarında tətbiqi perspektivləri baxımından maraq doğurur.









