Noy 12, 2026 | 15:27 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın əvvəlində institutun direktoru, professor Əfsun Sucayev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, iclasda dörd laboratoriyanın 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinə dair hesabatları dinləniləcək.
Əvvəlcə kimya üzrə fəlsəfə doktoru, dosent Vəli Kazımov “Mühafizəedici və inhibitor xassəli üzvi birləşmələr” laboratoriyasının hesabatını təqdim edib. O bildirib ki, laboratoriyada “Aktiv hidrogenli N, O, S saxlayan heterotsiklik və karbonil birləşmələri əsasında funksional əvəzolunmuş, mühafizəedici xassələrə malik yeni üzvi birləşmələrin sintezi və tədqiqi” mövzusu üzrə iki elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar yeni üzvi birləşmələrin sintezi, onların mühafizəedici xassələrinin öyrənilməsi və korroziya inhibitoru kimi tədqiqini əhatə edib.
Tədqiqatlar nəticəsində metal səthləri korroziyadan (paslanmadan) qorumaq üçün yeni üzvi birləşmələr sintez edilib və onların xassələri araşdırılıb. Müəyyən olunub ki, bu birləşmələrin bəziləri həm korroziyaya, həm də oksidləşməyə qarşı yüksək təsir göstərir. Həmçinin əldə edilən maddələrin bakteriyalara qarşı təsiri öyrənilib və bəzi birləşmələrin metalı korroziyadan 98,5 faizə qədər qoruduğu müəyyən edilib. Bundan başqa, ekoloji baxımdan daha əlverişli qoruyucu vasitələrin hazırlanması məqsədilə nar qabığından alınan ekstrakt sınaqdan keçirilib və onun da korroziyaya qarşı təsirli olduğu aşkarlanıb.
Daha sonra kimya üzrə fəlsəfə doktoru, dosent Qəribə Qəhrəmanova “Çoxfunksiyalı və triboloji xassəli üzvi birləşmələr” laboratoriyasının hesabatını təqdim edib. O bildirib ki, laboratoriyada “Müxtəlif heteroatomlar (O, S, N, P, B) saxlayan yeni üzvi birləşmələrin sintezi və sürtkü yağlarına müxtəlif funksiyalı, o cümlədən çoxfunksiyalı aşqar kimi tədqiqi” mövzusu üzrə beş mərhələdən ibarət iki elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar motor yağları üçün yeni aşqarların sintezi, eləcə də sürtkü yağlarının funksional xassələrini yaxşılaşdıran üzvi birləşmələrin tədqiqini əhatə edib.
Tədqiqatlar nəticəsində motor və transmissiya yağlarının keyfiyyətini yaxşılaşdırmaq üçün yeni kimyəvi birləşmələr sintez edilib. Müəyyən olunub ki, bu birləşmələr yağların oksidləşməyə və korroziyaya qarşı davamlılığını artırır, sürtünməni və aşınmanı azaltmağa kömək edir. Həmçinin yağlayıcı-soyuducu mayeləri bakteriyaların təsirindən uzun müddət qorumaq qabiliyyətinə malik yeni maddə əldə edilib. Aparılan sınaqlar sintez edilmiş birləşmələrin sürtkü yağlarında və yanacaqlarda aşqar kimi istifadə oluna biləcəyini göstərib.
Ardınca “Yağlayıcı-soyuducu kompozisiyalar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru İradə Eyvazova hesabatla çıxış edib. O bildirib ki, laboratoriyada “Müxtəlif karbonil birləşmələri əsasında tərkibində N, S və O saxlayan yeni üzvi birləşmələrin sintezi və yağlayıcı-soyuducu kompozisiyaların yaradılması” mövzusu üzrə dörd tədqiqat işi aparılıb. Tədqiqatlar yeni üzvi birləşmələrin sintezi, onların mikroorqanizmlərə qarşı təsirinin öyrənilməsi, yağlayıcı-soyuducu kompozisiyaların hazırlanması və sulfonat aşqarlarının tədqiqi istiqamətlərini əhatə edib.
Tədqiqatlar nəticəsində yağlayıcı-soyuducu mayelərin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə yeni tərkibli qarışıq hazırlanıb və onun xassələri araşdırılıb. Müəyyən olunub ki, daha az sayda komponentdən ibarət olan bu qarışıq keyfiyyət göstəricilərinə görə sənayedə istifadə edilən çoxkomponentli məhsulla eyni səviyyədədir. Həmçinin aparılan mikrobioloji sınaqlar hazırlanmış mayenin bakteriyalara qarşı yüksək təsirə malik olduğunu göstərib.
Daha sonra kimya üzrə fəlsəfə doktoru Nəzər Nəzərov “Bioüzvi kimya” laboratoriyasının hesabatını təqdim edib. O bildirib ki, laboratoriyada “Zərif üzvi sintez reaksiyaları vasitəsilə yeni, daha təsirli antioksidantların və ferment izofermentlərinin yeni nəsil inhibitorlarının sintezi və tədqiqi” mövzusu üzrə üç elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar azot və kükürd tərkibli yeni üzvi birləşmələrin sintezi, onların oksidləşmə və mikrobioloji zədələnməyə qarşı təsirinin, eləcə də bioloji fəallığının öyrənilməsini əhatə edib.
Hesabatlarda laboratoriya əməkdaşlarının elmi fəaliyyəti və il ərzində görülən digər işlər barədə də məlumat verilib.
İclasın sonunda təqdim olunan hesabatlar ətrafında müzakirələr aparılıb. Elmi Şura üzvləri hesabatları müsbət qiymətləndirərək qəbul ediblər.









