Xəbərlər
Foto
Görkəmli kimyaçı alim Qüdrət Kəlbəliyevin 80 yaşı tamam olur
Noy 13, 2026 | 13:48 / Yubileylər
Oxunub 72 dəfə

Noyabrın 13-də texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qüdrət İsfəndiyar oğlu Kəlbəliyevin anadan olmasının 80 illiyi tamam olur.

Qüdrət Kəlbəliyev 1946-cı il noyabrın 13-də Naxçıvan Muxtar Respublikasında anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının Neft mexanikası fakültəsini bitirib.

O, 1978-ci ildə texnika elmləri namizədi, 1987-ci ildə texnika elmləri doktoru elmi dərəcələrini, 1993-cü ildə isə professor elmi adını alıb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

Qüdrət Kəlbəliyev 1969–1971-ci illərdə Sumqayıt Dövlət-Xlor Sənaye Layihə İnstitutunda, 1971–1976-cı illərdə Neft-kimya Avtomatlaşdırma və Layihələşdirmə İnstitutunda mühəndis vəzifəsində çalışıb. 1976-cı ildən Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunda kiçik və böyük elmi işçi vəzifələrində işləyib, 1988-ci ildən isə laboratoriya müdiri vəzifəsində fəaliyyət göstərir. 1999–2006-cı illərdə Türkiyənin İsmət İnönü adına Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

Professor Qüdrət Kəlbəliyevin elmi fəaliyyətinin əsas istiqamətini kimya texnologiyasının dispers sistemlərində hidrodinamik, reoloji, istilik və kütlə mübadiləsi proseslərinin tədqiqi, modelləşdirilməsi və optimallaşdırılması təşkil edir.

Alim 310 elmi əsərin, o cümlədən 13 monoqrafiya, 11 patent və müəlliflik şəhadətnaməsinin müəllifidir. Onun elmi məqalələrinə xaricdə 2000-dən artıq istinad edilib.

Professor Qüdrət Kəlbəliyevin elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirililib.

O, elmi fəaliyyətinə görə 2015-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub.

Hörmətli Qüdrət müəllim!

Sizi 80 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı və elmi fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

Hörmətlə,

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun kollektivi

JURNALLAR
Faydalı linklər