Xəbərlər
Foto
Kimya İnstitutunda növbəti illik hesabatlar dinlənilib
Noy 13, 2026 | 15:05 / Konfranslar, iclaslar
Oxunub 108 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.

İclasın əvvəlində institutun direktoru, professor Əfsun Sucayev noyabrın 13-də texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Qüdrət Kəlbəliyevin anadan olmasının 80 illiyinin tamam olduğunu diqqətə çatdırıb.

Alimin elmi fəaliyyətindən danışan direktor onun kimya elmi sahəsində apardığı tədqiqatlardan, əldə etdiyi elmi nəticələrdən və gənc kadrların yetişdirilməsindəki xidmətlərindən söz açıb. Bildirib ki, təcrübəli alimlərin bilik və təcrübələrinin gənc tədqiqatçılarla bölüşülməsi elmi məktəblərin davamlılığı baxımından vacibliyini vurğulayaraq görkəmli alimə can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayıb. Əfsun Sucayev Qüdrət Kəlbəliyevin akademikin fəaliyyətini yüksək qiymətləndirərək gənc alimlərin elmi inkişafında onun təcrübəsindən və tövsiyələrindən yararlanmağın əhəmiyyətini vurğulayıb.

Direktor, həmçinin institutda təşkil olunan ustad dərslərindən birinin Qüdrət Kəlbəliyevin elmi fəaliyyətinə həsr ediləcəyini bildirib.

Qüdrət Kəlbəliyev göstərilən diqqətə və fəaliyyətinə verilən dəyərə görə təşəkkürünü bildirib.

Ardınca Əfsun Sucayev iclasın gündəliyində duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, iclasda iki laboratoriya, bir mərkəz və Gənc Alim və Mütəxəssislər Şurasının 2026-cı il üzrə elmi-tədqiqat fəaliyyətinə dair hesabatları dinləniləcək.

Əvvəlcə “Müxtəlif funksiyalı polimer birləşmələr və yanacaq kompozisiyalar” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Elxan İsakov hesabatla çıxış edib. O bildirib ki, laboratoriyada “Vinil və allil monomerləri əsasında bəzi polimer birləşmələrin, doymamış alifatik turşuların efirləri əsasında N, S, O saxlayan yeni üzvi birləşmələrin sintezi və sürtkü yağlarına və yanacaqlara aşqar kimi tədqiqi” mövzusu üzrə iki elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar “Bəzi vinil monomerləri ilə funksiyalaşdırılmış polimer birləşmələrin sintezi və tədqiqi” və “Tərkibində karbonil və ya doymamış rabitə olan üzvi birləşmələr əsasında heteroatom və funksional qruplar saxlayan birləşmələrin sintezi və biodizeldən istifadə etməklə yanacaq kompozisiyalarının yaradılması” istiqamətlərini əhatə edib.

Tədqiqatlar nəticəsində C10-karbon turşusunun allil efiri əsasında ikili və üçlü birgə polimerlər sintez edilib, onların sürtkü yağlarının termiki davamlılığını və özlülük-temperatur xassələrini yaxşılaşdıran effektiv aşqarlar olduğu müəyyənləşdirilib. Alkilmetakrilatlar əsasında alınan üçlü birgə polimerlərin yüksək termiki stabilliyə malik olduğu təsdiqlənib. Həmçinin akril və olein turşularının metil və etil efirləri sintez edilərək fiziki-kimyəvi xassələri öyrənilib. Olein turşusunun metil efiri əsasında alınan birləşmələrin dizel yanacağının setan ədədini dəyişmədən yeyilməyə qarşı yağlayıcılıq xassəsini müəyyən dərəcədə yaxşılaşdırdığı aşkar edilib.

Daha sonra “Zərif üzvi sintez” laboratoriyasının müdiri, kimya üzrə fəlsəfə doktoru Sevgili Məmmədova hesabatla çıxış edib. O bildirib ki, laboratoriyada “Funksionaləvəzli və metilenaktiv sulfamidlər əsasında heterotsiklik törəmələrin sintezi və xassələrinin tədqiqi” mövzusu üzrə üç elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar “Tozilxlorid əsasında funksional qruplara və aktiv metilen qrupuna malik sulfonamidlərin sintezi, heterosiklik sistemlərə çevrilmələri və tətbiq sahələrinin tədqiqi”, “Xloramin-B,T və funksional əvəzli olefinlər əsasında sintez edilmiş funksionaləvəzli sulfamidlərin heterotsiklik birləşmələrə çevrilmə üsullarının tədqiqi” və “Üzvi birləşmələrdən istifadə etməklə müxtəlif təyinatlı sürtkü materiallarının alınması” istiqamətlərini əhatə edib.

Tədqiqatlar nəticəsində Xloramin-B əsasında yeni çoxfunksiyalı piperidinsulfamid törəmələri sintez edilib, onların quruluşu və fiziki-kimyəvi xassələri müəyyənləşdirilib. Laboratoriya və kompüter modelləşdirilməsi üsulları ilə aparılan araşdırmalar bəzi birləşmələrin, xüsusilə 1e törəməsinin antimikrob fəallığa və MurA fermentinə qarşı inhibitor potensialına malik olduğunu göstərib. Həmçinin “yaşıl kimya” prinsipləri əsasında üç növ ekoloji sürtkü kompozisiyası hazırlanaraq onların termiki dayanıqlığı, mexaniki və triboloji xassələri tədqiq edilib. Alınan sürtkü materiallarının sənaye tətbiqini qiymətləndirmək məqsədilə 10 kiloqramlıq pilot partiyaların istehsalı üçün texnoloji reqlamentlər hazırlanıb.

Ardınca “Üzvi birləşmələr və sürtkü kompozisiyalarının tədqiqi” mərkəzinin müdiri, kimya üzrə fəlsəfə doktoru Mənsurə Hüseynova hesabatla çıxış edib. O bildirib ki, mərkəzdə “Yeni üzvi birləşmələrin və kompozisiya materiallarının tədqiqi, baza yağları və müxtəlif funksional xassəli aşqarlar əsasında müxtəlif təyinatlı sürtkü kompozisiyalarının yaradılması” mövzusu üzrə iki elmi-tədqiqat işi aparılıb. Tədqiqatlar “Fiziki-kimyəvi tədqiqat” və “Sürtkü kompozisiyalarının yaradılması” istiqamətlərini əhatə edib.

Daha sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova şuranın 2026-cı il üzrə fəaliyyətinə dair hesabatı təqdim edib. O, gənc alim və mütəxəssislərin yerli və beynəlxalq elmi konfranslarda iştirakından, qrant layihələrində qazandıqları uğurlardan, layiq görüldükləri mükafat və təltiflərdən danışıb. Həmçinin şuranın təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirlər və sosial layihələr barədə məlumat verib. Bildirib ki, şura tərəfindən hər ay “Gənc tədqiqatçılarımızı tanıyaq” adlı elmi seminarlar təşkil olunur.

Hesabatlarda laboratoriya və mərkəz əməkdaşlarının elmi fəaliyyəti, həmçinin il ərzində görülən digər işlər barədə də məlumat verilib.

İclasın sonunda təqdim olunan hesabatlar ətrafında müzakirələr aparılıb. Elmi Şura üzvləri hesabatları müsbət qiymətləndirərək qəbul ediblər.

görkəmli alimə can sağlığı və elmi fəaliyyətində uğurlar arzulayıb. 

 

JURNALLAR
Faydalı linklər