Xəbərlər
Foto
Kimya İnstitutu süni intellektin elmi tədqiqatlara tətbiqi üzrə ilk əməkdaşlıq ünvanı seçilib
Noy 13, 2026 | 15:43 / Konfranslar, iclaslar
Oxunub 57 dəfə

Milli Süni İntellekt Mərkəzi (NAIC) və Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun birgə təşkilatçılığı, “AI Community”nin tərəfdaşlığı ilə “Süni intellektin elm və sənayedə tətbiqi” mövzusunda dəyirmi masa keçirilib.

Tədbir Prezident İlham Əliyevin 2026-cı il 27 fevral tarixli Fərmanı ilə müəyyən edilmiş rəqəmsal inkişaf prioritetlərinə, eləcə də “Azərbaycan Respublikasının 2025-028-ci illər üçün süni intellekt Strategiyası”nda nəzərdə tutulan məqsədlərə uyğun olaraq təşkil edilib.

Milli Süni İntellekt Mərkəzinin bu istiqamətdə əməkdaşlığa başladığı ilk elmi-tədqiqat müəssisəsi Kimya İnstitutu olub.

Əvvəlcə Kimya İnstitutunun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova bildirib ki, süni intellekt texnologiyalarının elmi-tədqiqat fəaliyyətinə inteqrasiyası institutun qarşıya qoyduğu inkişaf istiqamətlərindən biridir. Onun sözlərinə görə, müasir elmi tədqiqatlarda rəqəmsal texnologiyalardan istifadə məlumatların daha sürətli və dəqiq təhlilinə, tədqiqat proseslərinin səmərəliliyinin artırılmasına və yeni elmi yanaşmaların tətbiqinə imkan verir. Sevinc Həsənova vurğulayıb ki, Milli Süni İntellekt Mərkəzi ilə əməkdaşlıq çərçivəsində keçirilən bu görüşün əsas məqsədi institutun alim və mütəxəssislərini süni intellektin praktik tətbiq imkanları ilə yaxından tanış etmək, onların bu sahədə bilik və bacarıqlarını inkişaf etdirməkdir.

İnstitutun alim və mütəxəssislərini bir araya gətirən tədbirdə süni intellekt texnologiyalarının elmi tədqiqatlarda və sənaye proseslərində tətbiqi, mövcud imkanlar və praktiki yanaşmalar müzakirə edilib.

Qeyd olunub ki, müasir dövrdə süni intellekt yalnız informasiya texnologiyaları sahəsi ilə məhdudlaşmır. Bu texnologiyaların kimya elminə inteqrasiyası böyük həcmli eksperimental məlumatların təhlili, kimyəvi proseslərin modelləşdirilməsi, tədqiqat nəticələrinin proqnozlaşdırılması və laboratoriya fəaliyyətinin optimallaşdırılması baxımından yeni yanaşmaların tətbiqinə şərait yaradır.

Dəyirmi masada süni intellekt üzrə tədqiqatçı və müəllim Nail Məmmədov, süni intellekt mühəndisi Fərman Xankişiyev məruzəçi qismində çıxış ediblər.

Məruzələrdə sənaye sektorunda süni intellekt və maşın öyrənməsi həllərinin tətbiqi, istehsalat və kimya texnologiyalarında rəqəmsal transformasiya məsələlərinə toxunulub. Süni intellekt texnologiyalarının elmi tədqiqat mərhələsindən real istehsalat mühitinə inteqrasiyası, bu prosesdə qarşıya çıxan texnoloji məsələlər və yerli sənayedə süni intellekt mühəndisliyinin inkişaf perspektivləri barədə məlumat verilib.

Tədbirdə alim və mütəxəssislərlə süni intellekt alətlərinin elmi-tədqiqat fəaliyyətinə inteqrasiyası, mövcud məlumatların emalı və tədqiqat proseslərində rəqəmsal həllərdən istifadə imkanları ətrafında müzakirələr təşkil olunub.

Bildirilib ki, süni intellekt texnologiyalarının elmi müəssisələrdə tətbiqi yalnız nəzəri biliklərin mənimsənilməsini deyil, həm də mütəxəssislərin bu alətlərlə işləmək üzrə praktiki bacarıqlarının inkişaf etdirilməsini tələb edir. Bu baxımdan elmi-tədqiqat müəssisələri ilə süni intellekt sahəsində fəaliyyət göstərən mütəxəssislər arasında əməkdaşlığın genişləndirilməsi xüsusi aktuallıq daşıyır.

Tədbir interaktiv müzakirə şəraitində davam etdirilib.

JURNALLAR
Faydalı linklər