Noy 13, 2026 | 17:35 / Mühüm hadisələr
Kimya elminin inkişafında xidmətləri olan alim, kimya elmləri doktoru Fəxrəddin Mahmudov 2026-cı il noyabrın 12-də vəfat edib.
Fəxrəddin Teymur oğlu Mahmudov 1952-ci il martın 11-də Bakı şəhərində anadan olub. 1969-cu ildə 31 nömrəli orta məktəbi bitirərək S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsinə daxil olub. 1974-cü ildə kimyaçı və kimya müəllimi ixtisasları üzrə ali təhsilini başa vurub. Həmin ilin sentyabrında Azərbaycan SSR Elmlər Akademiyasının Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda əmək fəaliyyətinə başlayıb, 1977-ci ildə aspiranturaya daxil olub. 1986-cı ildə “Modifikasiya edilmiş təbii seolitlər vasitəsilə gümüş və nikelin məhlullardan iondəyişmə üsulu ilə çıxarılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək kimya elmləri namizədi elmi dərəcəsini alıb.
Elmi fəaliyyəti dövründə bir sıra elmi-tədqiqat institutlarında çalışıb, laborant vəzifəsindən laboratoriya rəhbərliyinə qədər yüksəlib. Tədqiqatlarının əsas istiqamətini keçid və ağır metal ionlarının, eləcə də üzvi heterotsiklik birləşmələrin modifikasiya olunmuş təbii və sintetik sorbentlər üzərində adsorbsiyasının öyrənilməsi, onların maye tullantılardan çıxarılması və qatılaşdırılması təşkil edib.
2003-cü ildə alimin “Təbii seolitlər və onların xalq təsərrüfatında tətbiqi” adlı monoqrafiyası nəşr olunub. Bu əsər təbii seolitlərə həsr edilmiş Azərbaycan dilində ilk kitab kimi təqdim olunur.
2014-cü ildə Fəxrəddin Mahmudov “Qeyri-üzvi və üzvi mənşəli komplekslərin məhlullardan çıxarılma və qatılaşdırılmasının sorbsiya üsullarının kompleks tədqiqi” mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək kimya elmləri doktoru elmi dərəcəsini alıb.
Onun elmi rəhbərliyi ilə iki elmlər namizədi hazırlanıb. Pedaqoji fəaliyyəti çərçivəsində “Kimyəvi termodinamika” və “Adsorbsiya texnikasının nəzəri əsasları” fənlərini tədris edib, çoxsaylı bakalavr və magistr tələbələrinin hazırlanmasında iştirak edib.
Fəxrəddin Mahmudov 120 elmi və onlarla elmi-kütləvi məqalənin müəllifi olub.
Alim uzunillik elmi fəaliyyəti, apardığı tədqiqatlar və yetişdirdiyi mütəxəssislərlə yadda qalıb. Peşəkarlığı, zəhmətsevərliyi və biliklərini gənc nəslə ötürmək bacarığı ilə həmkarlarının və yetirmələrinin hörmətini qazanıb. Onun elmi irsi və yetişdirdiyi mütəxəssislər fəaliyyətinin yadigarı olaraq qalacaq.
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun kollektivi Fəxrəddin Mahmudovun vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına, həmkarlarına və bütün elmi ictimaiyyətə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!









