Noy 16, 2026 | 15:12 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib.
İclasın əvvəlində institutun direktoru, professor Əfsun Sucayev gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bildirib ki, iclasda “Layihələr və qrantlar”, “Elmi kadrların hazırlığı” və “Beynəlxalq əməkdaşlıq” sektorlarının, eləcə də institutun Dissertasiya Şurasının 2026-cı il üzrə fəaliyyətinə dair hesabatlar dinləniləcək.
Əvvəlcə “Layihələr və qrantlar” sektorunun baş mütəxəssisi Kəmalə Məmmədova hesabatla çıxış edib. O bildirib ki, hesabat dövründə institut tərəfindən 47 patent iddia ərizəsi təqdim edilib, 25 patent alınıb. Bununla yanaşı, 22 patent iddia sənədi ekspertizadan müsbət qərarla keçib. Yaxın günlərdə daha 5 patentin alınması gözlənilir.
Ardınca sektorun baş mütəxəssisi İranə Cabbarova qrant fəaliyyəti üzrə hesabatı təqdim edib. O bildirib ki, 2026-cı il ərzində müxtəlif qrant müsabiqələrinə ümumilikdə 17 layihə təqdim edilib və onlardan 5-i qalib olub. Hazırda 4 qrant layihəsi üzrə tədqiqat işləri davam etdirilir, 1 layihənin isə icra müddəti başa çatıb.
Hesabat dövründə Azərbaycan-Özbəkistan birgə elm müsabiqəsində 2 layihə qalib olub. Həmçinin 3 xarici səfər qrantı əldə olunub.
Daha sonra “Elmi kadrların hazırlığı” sektorunun baş mütəxəssisi Əsmər Məhərrəmova hesabatla çıxış edib. O bildirib ki, 2026-cı ilin əvvəlində institutda müxtəlif ixtisaslar üzrə 57 doktorant və dissertant dissertasiya mövzuları çərçivəsində elmi-tədqiqat işləri aparıb. Hesabat dövründə 6 nəfər elmlər doktoru, 11 nəfər isə fəlsəfə doktoru hazırlığı üzrə təhsil müddətini başa çatdırıb.
Qeyd olunub ki, 2026-cı ilin qəbul planına əsasən, institutun fəlsəfə doktoru hazırlığı üzrə doktoranturasına 5 ixtisas üzrə 12 nəfər qəbul edilib. Onlardan 5-i əyani, 7-si isə qiyabi təhsil formasında oxuyur.
Hazırda institutda 52 doktorant və dissertant elmi-tədqiqat fəaliyyətini davam etdirir. Onlardan 33 nəfəri fəlsəfə doktoru hazırlığı üzrə doktoranturada (20 əyani, 13 qiyabi), 7 nəfəri fəlsəfə doktoru hazırlığı üzrə dissertanturada, 12 nəfəri isə elmlər doktoru hazırlığı üzrə doktoranturada tədqiqat aparır.
Doktorant və dissertantların elmi fəaliyyəti qeyri-üzvi kimya, fiziki kimya, makromolekullar kimyası, kimyəvi kinetika və kataliz, üzvi kimya, neft kimyası, eləcə də kimya texnologiyası və mühəndisliyi ixtisaslarını əhatə edir.
İnstitutun Dissertasiya Şurasının fəaliyyətinə dair hesabatı kimya üzrə fəlsəfə doktoru, dosent Ülviyyə Məmmədova təqdim edib. O bildirib ki, 2026-cı il ərzində fəlsəfə doktoru elmi dərəcəsini almaq üçün 6 dissertasiya işi müdafiə edilib. Müdafiələr 2303.01 – “Qeyri-üzvi kimya”, 2304.01 – “Makromolekullar kimyası” və 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisasları üzrə keçirilib. Müdafiə edənlərdən 4-ü dissertant, 2-si isə doktorant olub.
Bununla yanaşı, institutun nəzdində fəaliyyət göstərən FD 1.15 Dissertasiya Şurasının nəzdindəki Elmi Seminarda 6 dissertasiya işi müzakirə edilib. Onlardan 2-si “Qeyri-üzvi kimya”, 3-ü “Kimyəvi kinetika və kataliz”, 1-i isə “Makromolekullar kimyası” ixtisası üzrə olub.
Daha sonra “Beynəlxalq əməkdaşlıq” sektorunun müdiri Natiq Salahov 2026-cı il üzrə fəaliyyətin nəticələrini təqdim edib. O bildirib ki, hesabat dövründə institutun əməkdaşları 34 beynəlxalq tədbir və görüşdə, o cümlədən 11 beynəlxalq konfrans və simpoziumda iştirak ediblər. Tərəfdaşlıq əlaqələri 13 ölkəni əhatə edib, 6 əməkdaşlıq memorandumu hazırlanıb. Həmçinin 3 beynəlxalq qrant layihəsi qalib olub, 6 xarici elmi ezamiyyət və təcrübə səfəri həyata keçirilib.
Natiq Salahov qeyd edib ki, 2026-cı ildə Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Çinin elmi-tədqiqat müəssisələri və universitetləri ilə əməkdaşlıq əlaqələri qurulub. Tərəfdaş qurumlar arasında İstanbul Universiteti, Orta Şərq Texniki Universiteti (METU), Fırat Universiteti, D. İ. Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universiteti, Tbilisi Dövlət Universiteti, Özbəkistan Elmlər Akademiyasının Polimerlər Kimyası və Fizikası İnstitutu, eləcə də Çin Elmlər Akademiyasının Sincan Ekologiya və Coğrafiya İnstitutu yer alıb.
Beynəlxalq əməkdaşlıq çərçivəsində əsas elmi istiqamətlər yaşıl kimya və ekologiya, hidrogen energetikası, katalitik sistemlər, mineral xammalın emalı, korroziyadan mühafizə, biomateriallar və tibb sahələrini əhatə edib.
Sektorun müdiri 2027-ci il üzrə fəaliyyət planından da danışıb. Bildirib ki, növbəti ildə aparıcı xarici tərəfdaşlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq memorandumlarının imzalanması, Avropa, Asiya və Yaxın Şərq ölkələri ilə əlaqələrin genişləndirilməsi, beynəlxalq qrantlarda iştirakın artırılması və birgə laboratoriyaların yaradılması istiqamətində işlərin davam etdirilməsi nəzərdə tutulur.
İclasın sonunda təqdim olunan hesabatlar ətrafında müzakirələr aparılıb. Elmi Şura üzvləri hesabatları müsbət qiymətləndirərək qəbul ediblər.









