Xəbərlər
Foto
Kimya İnstitutunda “İnsan alverinə qarşı mübarizə yolları” mövzusunda dəyirmi masa keçirilib
Noy 17, 2026 | 16:40 / Konfranslar, iclaslar
Oxunub 50 dəfə

Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda “İnsan alverinə qarşı mübarizə yolları” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə institutun Strateji inkişaf, qiymətləndirmə və monitorinq sektorunun müdiri Sevinc Həsənova 17 Noyabr Milli Dirçəliş Gününün tarixi əhəmiyyətindən danışb. Bildirib ki, 1988-ci il noyabrın 17-də başlayan xalq hərəkatı Azərbaycanın milli azadlıq mübarizəsində dönüş nöqtələrindən biri olub. Həmin hadisələr xalqımızın milli birliyinin, azadlıq və müstəqillik iradəsinin ifadəsinə çevrilib.

Ardınca Sevinc Həsənova “İnsan alverinə qarşı mübarizə yolları” mövzusunda məruzə ilə çıxış edib. O, insan alverinin müasir dövrün ciddi sosial problemlərindən biri olduğunu qeyd edərək bu cinayətə qarşı mübarizənin əsas istiqamətlərindən, beynəlxalq təcrübədən, eləcə də mövcud problemlərin həlli yollarından danışıb.

Sevinc Həsənova bildirib ki, insan alveri insanların hüquq və azadlıqlarının kobud şəkildə pozulması ilə nəticələnən, onların istismarına yönəlmiş cinayət fəaliyyətidir. Bu cinayətin qarşısının alınmasında hüquqi tədbirlərlə yanaşı, əhalinin maarifləndirilməsi, xüsusilə gənclərin potensial təhlükələr barədə məlumatlandırılması vacibdir.

O qeyd edib ki, informasiya texnologiyalarının inkişafı ilə insan alverinin törədilmə üsulları da dəyişir. Sosial şəbəkələrdə saxta iş təklifləri, xaricdə yüksək əməkhaqqı vədləri və digər aldadıcı vasitələr insanların istismar məqsədilə cəlb olunması üçün istifadə edilə bilər. Bu baxımdan, vətəndaşların şübhəli təkliflərə qarşı diqqətli olması, şəxsi məlumatlarını qoruması və mümkün təhlükələr barədə aidiyyəti qurumlara müraciət etməsi xüsusi əhəmiyyət daşıyır.

Sevinc Həsənova insan alverinə qarşı mübarizədə dövlət qurumları, təhsil müəssisələri və ictimai təşkilatlar arasında əməkdaşlığın vacibliyini də diqqətə çatdırıb. Bildirib ki, bu sahədə təcrübə mübadiləsinin aparılması, profilaktik tədbirlərin gücləndirilməsi və maarifləndirmə işlərinin davamlı təşkili insanların bu cür cinayətlərin qurbanına çevrilməsi riskinin azaldılmasına xidmət edir.

Daha sonra institutun direktoru, professor Əfsun Sucayev çıxış edərək bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyindən danışıb. Professor bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalardan istifadənin genişlənməsi insanları yeni təhlükələrlə üz-üzə qoyur. Xüsusilə kibercinayətkarlıq, internet üzərindən dələduzluq halları və şəxsi məlumatların qanunsuz əldə edilməsi cəmiyyətin diqqət yetirməli olduğu məsələlərdəndir.

Əfsun Sucayev qeyd edib ki, kibertəhlükəsizliklə bağlı risklərin artması insanların rəqəmsal mühitdə daha diqqətli davranmasını zəruri edir. İnternet üzərindən yayılan aldadıcı elanlar və saxta təkliflər təkcə maddi itkilərə deyil, bəzi hallarda insanların istismar məqsədilə aldadılmasına da səbəb ola bilər.

Direktor vurğulayıb ki, alimlər yalnız elmi tədqiqatlarla kifayətlənməməli, cəmiyyəti narahat edən aktual məsələlərə də münasibət bildirməli, maarifləndirmə prosesində iştirak etməlidirlər. Onun sözlərinə görə, elmi müəssisələrdə belə mövzuların müzakirəsi əməkdaşların məlumatlılığının artırılması və əldə olunan biliklərin daha geniş auditoriyaya çatdırılması baxımından faydalıdır.

Sonda institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru Mehparə Səfərova, baş elmi işçi, kimya elmləri doktoru Zemfira Ağayeva və Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Günel Əzimova çıxış ediblər. Onlar insan alverinin qarşısının alınması və əhalinin maarifləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

 

JURNALLAR
Faydalı linklər