Noy 18, 2026 | 16:31 / Nəşrlər
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunun “Keçid metal kompleksləri və klatrat materiallar” laboratoriyasının əməkdaşları Qüdrət Əliyeva, Sevinc Rəhmanova, Firuzə Əliyeva və institutun direktoru, professor Əfsun Sucayevin həmmüəllifi olduqları tədqiqatın nəticələri beynəlxalq elmi jurnalda dərc olunub.
“Ftalat və pirazin liqandları əsasında sintez edilmiş ikiölçülü manqan(II) koordinasion polimeri: sintezi, kristal quruluşu və Hirşfeld səthinin analizi” (“A Two-Dimensional Manganese(II) Coordination Polymer Constructed From Phthalate and Pyrazine Ligands: Synthesis, Crystal Structure, Hirshfeld Surface Analysis”) adlı məqalə “ChemistrySelect” jurnalında yayımlanıb. Jurnal “Web of Science” və “Scopus” beynəlxalq elmi bazalarında indekslənir, impakt faktoru 2,3, kvartili isə Q3-dür.
Ftalat və pirazin liqandları əsasında yeni Mn(II) koordinasiya polimeri sintez edilmiş və onun struktur xarakteristikası müəyyən edilmişdir. Metal ionu bir pirazin halqası və iki su molekulu ilə koordinasiya olunaraq oktaedrik həndəsi quruluş əmələ gətirir. Mn(II) ionları körpü rolunu oynayan karboksilat qrupları vasitəsilə xelat- körpü- tip ikiölçülü quruluş yaradaraq, hidrogen rabitələri vasitəsilə üçölçülü supramolekulyar quruluşa çevrilir.
Koordinasiyada ftalat liqandının oksigen atomları, pirozin liqandının azot atomları və koordinasiya olunmuş su molekullarının oksigen atomları iştirak edir. Beləliklə, metal mərkəzinin ətrafında O- və N-donor atomları olan qarışıq koordinasiya əmələ gəlir.
Hirshfeld səth analizi ilə supramolekulun əmələ gəlməsində hansı rabitələrin üstünlük təşkil etməsi öyrənilmişdir. Hirshfeld səthi analizinin nəticələrinə görə, [Mn(Phth)(Pyr)(H₂O)₂] birləşməsində kristal qəfəsinin formalaşmasında ən böyük paya (27,5%) malik olan amillər molekullararası O⋯H/H⋯O əlaqələridir. Bu iş, hidrogen rabitələri ilə dəstəklənən arxitekturaya malik koordinasiya polimerlərinin məqsədyönlü layihələndirilməsində qarışıq O/N-donor liqand sistemlərinin səmərəliliyini nümayiş etdirir.









