Noy 20, 2026 | 11:00 / Konfranslar, iclaslar
Elm və Təhsil Nazirliyi Kimya İnstitutunda Neft-Kimya Prosesləri İnstitutunun sabiq doktorantı Lalə Qasımovanın kimya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin elmi seminarı keçirilib.
Seminarda Lalə Qasımova 2316.01 – “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə hazırladığı “Fe/Zr oksid katalizatorlarının iştirakı ilə benzolun hidroksilləşməsi reaksiyasında ölçü effektləri” mövzusunda tədqiqat işini təqdim edib.
Elmi seminar professor Arif Əfəndinin sədrliyi və kimya üzrə fəlsəfə doktoru Günel Əzimovanın elmi katibliyi ilə baş tutub.
Dissertasiya işinin elmi rəhbəri professor Etibar İsmayılov, rəyçiləri isə kimya üzrə fəlsəfə doktorları, dosentlər Ayaz Məmmədov və Pəri Muradova olub.
Tədqiqatın əsas məqsədi dəmir tərkibli katalizatorların ölçülərinin onların maqnit və katalitik xassələrinə təsirini öyrənmək, benzolun hidrogen peroksidlə fenola çevrilməsi üçün yüksək aktivliyə və seçiciliyə malik, davamlı nanostrukturlu katalizatorların hazırlanması üsulunu işləyib hazırlamaqdır.
Tədqiqat zamanı müxtəlif analiz üsulları ilə katalizatorların quruluşu və xassələri araşdırılıb. Müəyyən edilib ki, xüsusi şəraitdə emal olunan katalizatorlarda ölçüləri təxminən 8–10 nanometr olan maqnetit hissəcikləri əmələ gəlir.
Dissertasiya işinin praktik nəticələrinə əsasən, hazırlanmış katalizatorlar mülayim reaksiya şəraitində benzolun fenola çevrilməsi prosesində yüksək aktivlik və seçicilik nümayiş etdirib. Həmçinin ultrasəsin təsiri ilə katalizatorların effektivliyini artırmaq və onların aktivliyini 20 saatdan artıq müddətdə ilkin səviyyəyə yaxın saxlamaq mümkün olub.









