Xəbərlər
Foto
Kimyaçı alimlər Alzeymer və qlaukoma əleyhinə yeni dərman imkanlarını araşdırıblar
Noy 26, 2026 | 13:07 / Nəşrlər
Oxunub 52 dəfə

Elm və Təhsil Nazirliyinin Kimya İnstitutu, Bakı Dövlət Universiteti, Türkiyə və Özbəkistanın ali təhsil və elmi tədqiqat müəssisələrinin alimlərinin birgə apardıqları beynəlxalq tədqiqat çərçivəsində aromatik hidrazon törəmələrinin və onların mis(II) kompleksinin fermentlərə qarşı inhibitor fəallığı müəyyən edilib.
Tədqiqat zamanı birləşmələrin asetilxolinesteraza (AChE), butirilxolinesteraza (BChE) və karbon anhidrazanın izoformalarına (hCA I, hCA II) təsiri öyrənilib. Sınaqdan keçirilən birləşmələr arasında mis(II) kompleksi ən yüksək inhibitor fəallığı göstərib.
Tədqiqatın əsas elmi yeniliyi bu birləşmələrin eyni vaxtda bir neçə fermentin fəaliyyətini inhibə etmək qabiliyyətinin və kompleksəmələgəlmə nəticəsində bioloji fəallığın artmasının müəyyən edilməsindən ibarətdir.
Asetilxolinesterazaya qarşı müşahidə olunan yüksək inhibitor fəallığı birləşmənin Alzeymer xəstəliyi, karbon anhidrazanın hCA II izoformasının fəaliyyətini inhibə etməsi isə qlaukoma ilə bağlı dərman tədqiqatlarında istifadə potensialının olduğunu göstərir. Əldə olunan nəticələr mis(II) kompleksinin çoxhədəfli dərman vasitələrinin hazırlanması istiqamətində gələcək tədqiqatlar üçün perspektivli birləşmə olduğunu deməyə əsas verir.
Tədqiqatın nəticələri impakt faktoru 5,1 olan, Scopus-un CiteScore göstəricisi üzrə üzvi kimya kateqoriyasında Q1 kvartilinə daxil edilən “Molecules” jurnalında dərc olunub.
Məqalə ilə link vasitəsilə tanış olmaq mümkündür.

Yeni metal kompleksləri üzrə bioloji tədqiqatlar Azərbaycan Elm Fondunun 4-cü Azərbaycan-Belarus birgə beynəlxalq qrant müsabiqəsinin (AEF-BQM-BRFTF-4-2024-5(53)) qalibi olmuş “Patoloji proseslərin inkişafı ilə əlaqəli yeni metalloenzim inhibitorlarının yaradılması və in vitro və in vivo təcrübələrində onların effektivliyinin öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilib.

JURNALLAR
Faydalı linklər